Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının universitetlərə qəbul nəticələri açıqlanıb
Bakı, 27 avqust, AZƏRTAC
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələrini açıqlayıb.
Agentlikdən AZƏRTAC- a bildirilib ki, nəticələr hər bir məktəb üzrə təqdim olunub.
Qeyd edilib ki, yeni təmayül tədris modeli 2024–2025-ci tədris ilindən etibarən pilot qaydada tətbiq edilir. Məzunların ali təhsil müəssisələrinə qəbul göstəriciləri təmayül tədrisinin səmərəliliyini əks etdirən əsas meyarlardan biridir.
X-XI sinifləri əhatə edən yeni təmayül tədris modelinin əsas məqsədi şagirdlərin ali təhsilə hazırlıq prosesini məktəb daxilində daha səmərəli təşkil etməkdir. Model çərçivəsində şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali məktəblərə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsi, eyni zamanda izafi əqli yüklənməsinin qarşısının alınması nəzərdə tutulur.
Yeni model üzrə təmayül tədrisinə X və XI sinif şagirdləri cəlb oluna bilərlər.
Modelin əsas üstünlükləri sırasında akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti, abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili, səriştəli müəllim kollektivi, aylıq sınaq imtahanlarının keçirilməsi, həmçinin şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklərin təşkili yer alır.