Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlanıb
Bakı, 28 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçiminə başlanılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-si saat 23:59-dək davam edəcək. Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər boş qalan plan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən müsabiqədə iştirak edə bilməzlər. İxtisas seçmək hüququ olan abituriyent ali və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçərək “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil etməli və ərizəni təsdiqləməlidir. Abituriyent, o cümlədən subbakalavr ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla keçirilən müsabiqədə iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli, müvafiq olaraq dövlət sifarişi və ödənişli əsaslarla təhsil almaq istədiyini göstərməlidir.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında, orta ixtisas təhsili müəssisələrində qəbul aparılan ixtisasların siyahısı isə jurnalın 5-ci sayında dərc olunub.
Subbakalavrlar da avqustun 28-dən sentyabrın 2-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edərək təsdiqləməlidirlər. Onlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun ixtisasları seçə bilərlər. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyent və subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlərin qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı ən azı 50, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı isə ən azı 10 olmalıdır. Xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir. Abituriyentlər ixtisas seçimi və qəbul qaydaları ilə bağlı ətraflı məlumatı “Abituriyent” jurnalının müvafiq saylarından əldə edə bilərlər.
Jurnallar DİM-in əsas inzibati binasında, “Abituriyent” satış məntəqəsində və kitab mağazalarında satılır. Nəşrlərin elektron versiyaları isə “Abituriyent”in internet saytında təqdim olunur.