Azərbaycanlı məşqçi Polşa komandasını Qubadakı beynəlxalq turnirdə çempion etdi - MÜSAHİBƏ
Quba, 27 avqust, AZƏRTAC
Qubada 11 yaşadək futbolçular arasında keçirilən III “Ulduz Cup” beynəlxalq turnirində maraqlı məqamlarla yadda qalan final qarşılaşması baş tutub. Polşanın “Drukarz” komandası Azərbaycan təmsilçisi “Ulduz”u 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Polşa komandasının bu uğurunda isə azərbaycanlı baş məşqçi Fuad Bayramovun əməyi xüsusi qeyd olunmalıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Polşada futbolçu kimi çıxış edən Fuad Bayramov daha sonra məşqçilik fəaliyyətinə başlayıb. Hazırda “Drukarz” komandasına rəhbərlik edən azərbaycanlı mütəxəssis Qubada keçirilən turnirdə komandasını çempionluğa daşıyıb.
Turnirdən sonra AZƏRTAC-a müsahibə verən Fuad Bayramov yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.
“Burada hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Avropa səviyyəsində yarış oldu. Heç bir problemimiz olmadı, hər şey əla keçdi. Rəqiblər də kifayət qədər güclü komandalar idi. Komanda olaraq çox layiqli qələbə qazandıq. Uşaqlar həqiqətən xarakter göstərdilər. Biz hər getdiyimiz yerdə müsbət iz qoymağa çalışırıq. Məqsədimiz təkcə qalib gəlmək deyil, həm də dostluq münasibətləri yaratmaqdır. Mən istərdim ki, Polşa komandaları Azərbaycana gəlsinlər və burada keçirilən turnirlərdə iştirak etsinlər”, - deyə baş məşqçi qeyd edib.
Fuad Bayramov Azərbaycan və Polşa futbolu arasında məşq metodları baxımından ciddi fərq olmadığını düşünür. Onun sözlərinə görə, futbol sadə oyundur və əsas məsələ futbolçuların istedadı və xarakteridir.
“Mən Polşaya futbol oynamaq üçün getdim və orada ikinci liqada çıxış etdim. Daha sonra zədə aldım və futbolçu karyeram başa çatdı. Bundan sonra məşqçiliyə başladım. Sonralar Polşa futbolunda məşqçi kimi fəaliyyət göstərdim və hazırda komandanın baş məşqçisiyəm”, - deyə müsahib qeyd edib.
“Məncə, futbolda məşq metodları burada da, orada da eynidir. Futbol çox sadə oyundur. Əsas məsələ uşaqların istedadı və xarakteridir. Azərbaycan klubları da beynəlxalq oyunlarda həqiqətən layiqli mübarizə aparırlar”, - deyə Fuad Bayramov bildirib.
Azərbaycanlı məşqçi Qubada keçirilən turnirin həm idman mübarizəsi, həm də ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu deyib.
Müxbir – Elxan Yusifli