Astanada Azərbaycanın milli incəsənəti və pəhləvanlıq ənənələri təqdim olunub
Astana, 27 avqust, AZƏRTAC
Qazaxıstanın paytaxtındakı Triatlon parkında Azərbaycanın milli incəsənətinə, musiqisinə və idman-pəhləvanlıq ənənələrinə həsr olunmuş mədəni-əyləncəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir azərbaycanlıların “Xəzər” Etnomədəni Birliyi tərəfindən Astana şəhər hakimiyyəti ilə birgə təşkil olunub. Proqram çərçivəsində Azərbaycanın tanınmış pəhləvanı, “El pəhləvanları” İdman Klubu İctimai Birliyinin sədri Nurəddin Beyləqanlı Astanada yaşayan sakinlər və şəhərin qonaqları qarşısında möhtəşəm nömrələrlə çıxış edib.
“Xəzər” Etnomədəni Birliyinin sədri Mahir Rzayev milli mədəniyyətin təbliği və ənənələrin qorunması baxımından bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
“Qazaxıstanda Azərbaycan xalqının zəngin mədəni irsinin və milli ənənələrinin təbliği baxımından belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır. Türk pəhləvanımızın yalnız gücünü və məharətini deyil, həm də pəhləvanlıq ənənələrinin davam etdirilməsini nümayiş etdirməsi xüsusilə əlamətdar haldır. Bu, gənclər üçün layiqli nümunə olmaqla yanaşı, milli kimliyin qorunmasına və öz köklərinə hörmət hissinin formalaşmasına da töhfə verir”.
Proqramın musiqi hissəsini Azərbaycanın milli musiqi aləti olan tarda əsərlər ifa edən Sadıq Namazovun çıxışı zənginləşdirib. Tamaşaçılar qarşısında, həmçinin Azərbaycanın milli rəqslərindən ibarət proqram təqdim edən “Qadir” rəqs ansamblı çıxış edib.
Tədbir Azərbaycanın zəngin mədəni irsinin təbliği, eləcə də xalqlar arasında dostluq və mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyıb.