Kredit götürənlərin bilmədiyi hüquqlar hansılardır? – Ekspert rəyi
Bakı, 27 avqust, AZƏRTAC
Kredit götürərkən və sonradan borcun ödənilməsi prosesində bir çox istehlakçı hüquqlarından tam xəbərdar olmur. Xüsusilə kredit münasibətlərində yaranan müxtəlif vəziyyətlərdə borcalanın hansı imkanlara malik olması və hüquqlarını necə qoruya bilməsi mühüm məsələlərdən biridir. Bəs kredit götürənlərin bilmədiyi hüquqlar hansılardır?
Vəkillər Kollegiyasının üzvü, Azərbaycan İstehlakçılar Şurasının sədri Roman Qaraşov AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, kredit götürənlərin çoxunun bilmədiyi hüquqlardan biri bankın təqdim etdiyi borc məbləğinin necə hesablandığını tələb etmək hüququdur.
“Yəni bank sizə borcunuzun müəyyən məbləğ olduğunu bildirirsə, siz əsas borcun nə qədər qaldığını, nə qədər faiz hesablandığını, gecikmə ilə bağlı hansı məbləğlərin yarandığını və etdiyiniz ödənişlərin hara yönəldildiyini öyrənə bilərsiniz. Xüsusilə gecikmiş kreditlərdə bu çox vacibdir. Çünki müştəri uzun müddət ödəniş etdiyi halda əsas borcun niyə azalmadığını başa düşməyə bilər. Belə vəziyyətdə hesab üzrə çıxarışı və borcun hesablanmasını götürüb ödənişləri tarix üzrə yoxlamaq lazımdır. Borcun yekun rəqəmini bilmək kifayət deyil. Həmin rəqəmin necə yarandığını da bilmək lazımdır.
Digər vacib hüquq krediti vaxtından əvvəl tam və ya qismən ödəməklə bağlıdır. Borcalanın əlavə vəsaiti yaranıbsa onu əsas borcun azaldılmasına yönəltmək gələcək faiz yükünün azalmasına təsir edə bilər. Burada vacib məsələ ödənişdən sonra hesablamanı yoxlamaqdır. Əlavə ödəniş etdikdə əsas borcun nə qədər azaldığını, bundan sonra nə qədər faiz ödəyəcəyinizi və ödəniş qrafikinin necə dəyişdiyini bankdan dəqiqləşdirmək lazımdır. Kredit vaxtından əvvəl tam bağlanırsa borcun qalmadığını təsdiq edən sənədin alınması da vacibdir. Kredit girov və ya ipoteka ilə təmin edilibsə borc bağlandıqdan sonra həmin təminatla bağlı məhdudiyyətin də aradan qaldırıldığını yoxlamaq lazımdır”, - deyə o qeyd edib.
R.Qaraşov qeyd edib ki, kreditdə gecikmə yaranması borcalanın hüquqlarının bitməsi demək deyil: “Borcalan bankdan borcun yenidən hesablanmasını və izahını tələb edə bilər, maliyyə vəziyyəti pisləşibsə restrukturizasiya üçün müraciət edə bilər və bankın hesablaması ilə razılaşmadıqda buna etiraz edə bilər. Xüsusilə problemli kreditlərdə hesablanan faizlərin, gecikmə ilə bağlı məbləğlərin və digər ödənişlərin hansı hüquqi və müqavilə əsasına söykəndiyinə baxmaq lazımdır. Bankın tələb irəli sürməsi həmin tələbin bütün hissələrinin avtomatik olaraq mübahisəsiz olması demək deyil. Borcalan hesablamanı yoxlamaq və razı olmadığı hissə ilə bağlı hüquqi mövqeyini bildirmək imkanına malikdir.
Çoxlarının bilmədiyi digər məsələ kredit mübahisəsi məhkəməyə çatdıqda da borcalanın müdafiə imkanlarının qalmasıdır. Bankın məhkəməyə müraciət etməsi borcalanın avtomatik olaraq bütün tələb olunan məbləği ödəməli olduğu anlamına gəlmir. Tələb edilən borcun hesablanması, müqavilənin şərtləri, təqdim olunan sübutlar və tətbiq edilə bilən müddətlər ayrıca qiymətləndirilməlidir. Bəzi hallarda iddia müddəti məsələsi də ciddi hüquqi əhəmiyyət daşıya bilər. Buna görə köhnə kredit borcu ilə bağlı tələb gələndə onun hansı tarixə aid olduğunu və hüquqi baxımdan tələb imkanının necə qiymətləndirildiyini araşdırmaq lazımdır. Məhkəmədən sənəd gəldikdə isə onu cavabsız qoymaq düzgün deyil. Borcalanın etiraz etmək, sübut təqdim etmək və tələb olunan məbləğin düzgünlüyünü mübahisələndirmək hüququ var”.