Nizami və Nəvai irsi yeni tədqiqatda
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni layihələr həyata keçirilir. Əməkdaşlığın əsas istiqamətlərini birgə elmi layihələrin hazırlanması, əlyazmaların rəqəmsallaşdırılması, elmi informasiya mübadiləsinin genişləndirilməsi və zəngin yazılı irsin tədqiqi təşkil edir.
Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli söyləyib.
Akademik bildirib ki, Əlyazmalar İnstitutu ilə Özbəkistanın elmi və mədəni qurumları arasında əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üzrə işlər davam etdirilir. Bu çərçivədə iki ölkənin yazılı və ədəbi irsinin qorunması, öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə təqdim olunması xüsusi əhəmiyyət daşıyır.
“Mən hazırda “Nizami və Nəvai” adlı monoqrafiya üzərində çalışıram. Əsərdə Azərbaycan və özbək ədəbiyyatının iki böyük klassiki – Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığı, ədəbi irsi, eləcə də onların yaradıcılığı arasındakı qarşılıqlı təsir və əlaqələr araşdırılır. Monoqrafiyanın hazırlanması Azərbaycan və Özbəkistanın ortaq ədəbi-mədəni irsinin daha dərindən öyrənilməsinə mühüm töhfə verəcək. Eyni zamanda, əsərin iki qardaş xalqın zəngin ədəbi irsinin dünya elmi və mədəni ictimaiyyətinə daha geniş şəkildə tanıdılmasına xidmət edəcəyi gözlənilir”.
Müsahibimiz vurğulayıb ki, Azərbaycan və Özbəkistanın zəngin yazılı irsinin birgə öyrənilməsi və qorunması iki ölkə arasında elmi-mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən layihələr qarşılıqlı elmi əməkdaşlığın yeni imkanlarının formalaşmasına şərait yaradacaq.
Müxbir - Tünzalə Arazlı