Türk dünyasının arxeoloji və tarixi-mədəni irsi beynəlxalq onlayn seminarda müzakirə olunub VİDEO
Ağstafa, 27 avqust, AZƏRTAC
Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın müvafiq dövlət qurumları, elmi müəssisələri və muzey-qoruqlarının nümayəndələrinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş qoruqların əməkdaşlarının, AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimlərinin, Bakı Dövlət Universitetinin alim və magistrantları, Xəzər Universitetinin müəllim və tələbələrinin iştirakı ilə “Ortaq irs, ortaq gələcək: Türk dünyasında arxeoloji və tarixi-mədəni irsin qorunması, tədqiqi və təbliği” mövzusunda beynəlxalq onlayn seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, tədbir Türk dünyasının zəngin arxeoloji və tarixi irsinin qorunması, tədqiqi və müasir yanaşmalarla təbliği sahəsində təcrübə mübadiləsinin aparılması məqsədi daşıyıb.
Seminar "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş elmi işçisi, BDU-nun dosenti Yunis Nəsiblinin moderatorluğu ilə baş tutub.
Tədbir iki əsas bölmə çərçivəsində tərəfdaş ölkələrin mütəxəssislərinin məruzələri ilə davam edib.
Beynəlxalq seminar türk dövlətləri arasında arxeologiya, muzeyşünaslıq və mədəni irsin mühafizəsi sahəsində institusional əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də ortaq tarixi-mədəni irsin beynəlxalq müstəvidə daha geniş təbliği baxımından mühüm platforma rolunu oynayıb.
Müxbir -Ruslan Novruzoğlu