Türkiyədə azərbaycanlı astrofizik Cəfər Quluzadənin elmi irsinə ehtiramla yanaşılır
Ankara, 27 avqust, AZƏRTAC
Məşhur azərbaycanlı alim, professor Cəfər Quluzadənin əsərləri onilliklər keçməsinə baxmayaraq, Türkiyə də daxil olmaqla dünyanın bir çox ölkəsində fizik və astrofiziklərin yeni nəsli üçün bələdçi olaraq qalır.
AZƏRTAC xəbər verir ki, 1997–2019-cu illərdə Bakı Dövlət Universitetinin astrofizika kafedrasına rəhbərlik etmiş professor Cəfər Quluzadə 1990-cı illərin əvvəllərində Türkiyədə dərs deyib. O, mütəxəssislərin hazırlanması ilə yanaşı, astronomik spektroskopiya üzrə dərs vəsaiti də nəşr etdirib.
2009-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə alimə “Əməkdar müəllim” fəxri adı verilib.
Avqustun 27-də - mərhum alimin 90 illik yubileyi günü Ankarada yaşayan fizika-riyaziyyat elmləri doktoru, professor İskəndər Əsgərov Cəfər Quluzadə ilə bağlı xatirələrini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb.
“Professor Cəfər Quluzadə Azərbaycan astrofizikasının tədris və tədqiqat bazasının sistemləşdirilməsi istiqamətində böyük səy göstərib. Məhz o, respublikada Astrofizika laboratoriyasını yaradıb, yeni ixtisaslaşdırılmış kurslar təşkil edib”, – deyə İ.Əsgərov bildirib.
Müsahibimiz xatırladıb ki, professorun rəhbərliyi ilə ölkəmizdə Günəş spektri, Fraunhofer xətləri, ulduz atmosferləri, spektral xətlərin yaranması və digər fundamental problemlərlə bağlı tədqiqatlar aparılıb, Azərbaycan astrofizikasında müasir elmi istiqamətlərin inkişafı üçün möhkəm təməl yaradılıb. Cəfər Quluzadənin elmi və pedaqoji fəaliyyətinin mühüm istiqamətlərindən biri Türkiyədə, o cümlədən İstanbul Universitetində astrospektroskopiyanın tədrisinə verdiyi töhfə olub. “Cəfər Quluzadə tələbələrə yalnız elmi biliklər vermir, həm də faktlara obyektiv yanaşmağı, elmi nəticələri tənqidi təhlil etməyi, elmə vicdanla xidmət etməyi öyrədirdi”, – deyə alim xatırlayır. O qeyd edib ki, Cəfər Quluzadənin “Atom spektroskopiyasının əsasları” adlı vəsaiti bu gün də Türkiyənin ali məktəb tələbələri arasında populyardır.
Alimin zəngin elmi irsinə ümumilikdə 230-dan çox məqalə, bir monoqrafiya və 15 kitab, dərslik və vəsait daxildir. Xarici ölkələrdə aparılan elmi işlərdə onun tədqiqatlarının nəticələrinə istinad edilməsi isə azərbaycanlı alimin nailiyyətlərinin beynəlxalq əhəmiyyətini göstərir.
Professor Cəfər Quluzadə spektral xətlərin profilinin hərtərəfli təhlilini aparmağa imkan verən yeni yanaşma işləyib hazırlayıb. Sonrakı elmi tədqiqatlarda bu yanaşma “Quluzadə metodu” və ya “Quluzadə təsnifatı” adlandırılıb.
2016-cı ildə Şamaxı Astrofizika Rəsədxanasında Cəfər Quluzadənin 80 illik yubileyi münasibətilə beynəlxalq elmi konfransın keçirilməsi onun elmi nüfuzunun daha bir göstəricisi olub.
Professor Cəfər Quluzadənin anadan olmasının 90 illiyi günündə alimin elmi irsi Türkiyədə də Azərbaycanda olduğu kimi xatırlanır.