Ekspert: Yüksək texnologiyatutumlu sahələrə investisiyaların cəlb edilməsi sürətləndirilməlidir
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycan ixracyönümlü istehsal və sənayeləşmə istiqamətində böyük potensiala malikdir. Bu istiqamətdə potensial imkanları da nəzərə almaqla bərabər davamlı dəyişən bazar trendlərini və istehsalın və ixracın stimullaşdırılması istiqamətdə tətbiq olunan və genişləndirilə biləcək dəstək mexanizmlərini də diqqətə almalıyıq.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Cəbrayıl Vəliyev bildirib.
O deyib ki, bunları diqqətə almaqla Azərbaycanın ixrac potensialı yüksək olan sahələri və məhsullara bunları aid edə bilərik:
“Kimya sənayesi məhsulları: Müxtəlif növ ixracyönümlü kimya sənayesi və neft-kimya məhsullarının istehsalının genişləndirilməsi vacibdir. Bu istiqamətdə qlobal bazarda daim sabit artan tələbat mövcuddur və bunu dəyərləndirmək önəmlidir.
Aqrar sənaye və emal olunmuş qida məhsulları: Meyvə-tərəvəz və ondan emal olunmuş məhsulları, sadəcə xam kənd təsərrüfatı məhsulları deyil, bunlarla yanaşı emal olunmuş aqrar sənaye məhsulları, şərab, konservləşdirilmiş məhsullar, şirələr, qurudulmuş meyvələr, müxtəlif emal olunmuş fındıq məhsulları və sair.
Yüngül sənaye məhsulları: Bu istiqamətdə vertikal dəyər zəncirinin formalaşdırılması ilə xüsusilə pambıq və ipəkdən hazırlanan yarı mal və son hazır məhsulların, pambıq ipliyi, müxtəlif növ parçaların, ev tekstilinin və geyim məhsullarının istehsal və ixrac potensialını yenidən dəyərləndirmək vacibdir”.
O əlavə edib ki, əməktutumlu olmasına və az əlavə dəyər yaratmasına baxmayaraq, yerli xammalın dəyərləndirilməsi ilə bu sahədə istehsal mədəniyyətinin formalaşdırılması və ixrac imkanları yarana bilər: “Digər bir sahə kimi artıq ixrac imkanları olan müxtəlif növ tikinti məhsullarının istehsal və ixrac imkanlarının da yenidən qiymətləndirilməsi vacibdir. Sement, tikinti məqsədli şüşələr, boyalar, sintetik məhsullar və sair bu məhsulların xüsusilə qonşu ölkələrə ixrac imkanları mövcuddur və artırıla bilər. Bunlarla yanaşı, qəbul olunmuş strategiyalarla dəstəklənən, yeni texnologiyalara dayanan tələbi daim artan bərpaolunan enerji istehsalı və ixracının, hərb sənaye məhsullarının da ixrac potensialını qeyd edə bilərik. Eyni zamanda, artıq ixrac potensialı yüksək olan orta-yüksək və yüksək texnologiyatutumlu sahələrə investisiyaların cəlb edilməsinin sürətləndirilməsini vacib hesab edirəm”.