İnvestorların qlobal maliyyə bazarlarında hazırlıq səviyyəsi artırılmalıdır – Ekspert rəyi
Bakı, 27 avqust, AZƏRTAC
Forex bazarında mütləq volatillik, yəni qiymət dəyişkənliyi olmalıdır. Qlobal maliyyə bazarlarında dəyişikliklər baş verməsə, qiymət dəyişiklikləri, dolayısı ilə də qazanc imkanları yaranmaz. Bu baxımdan dünya kapital bazarlarında baş verən proseslər normaldır və onların Azərbaycana birbaşa aidiyyəti yoxdur. Bu, qlobal maliyyə biznesidir.
Bu barədə AZƏRTAC-a açıqlamasında maliyyə bazarları üzrə ekspert Azər Balamedov bildirib.
O qeyd edib ki, bu biznesin əsas iştirakçıları ABŞ, Kanada, Avropa İttifaqının aparıcı ölkələri – Almaniya, İtaliya və Fransa, həmçinin Böyük Britaniya, Yaponiya, Avstraliya və Yeni Zelandiyadır. Bu ölkələrin bir qismi qlobal ehtiyat valyutaları emissiya edir və dünya kapital bazarlarında mühüm rol oynayır. Mərkəzi bankların faiz dərəcələrindəki dəyişikliklər, onların monetar siyasəti, bazarlarda baş verən eniş və yüksəlişlər tamamilə normal proseslərdir. Dünyada baş verən bütün bu dəyişikliklər təkcə Forex bazarına deyil, istiqraz, fond, kriptovalyuta, əmtəə və digər maliyyə bazarlarına da təsir göstərir. Nəticədə bu proseslər Azərbaycan investorlarının gəlirliliyinə və risklərinə həm müsbət, həm də mənfi təsir edə bilər: “Azərbaycan investorunun maliyyə bazarları ilə bağlı biliyi, hazırlığı və məlumatlılığı yüksəkdirsə, qlobal bazarlarda baş verən dəyişikliklər onun üçün müsbət imkanlar yarada bilər. Lakin investorun lazımi hazırlığı yoxdursa, həmin dəyişikliklərin mənfi təsiri daha çox ola bilər. Burada əsas məsələ maliyyə savadlılığının artırılmasıdır. Müasir iqtisadiyyatda kapital bazarlarının, rəqabətin, maliyyə alətlərinin və qlobal maliyyə proseslərinin mahiyyətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Son illərdə cəmiyyətin bu sahələr üzrə maarifləndirilməsinə daha çox diqqət yetirilməsinə ehtiyac var. Ona görə də qlobal maliyyə bazarlarında baş verən proseslərin Azərbaycan investorlarına təsirinin müsbət və ya mənfi olması, ilk növbədə, onların hazırlıq səviyyəsindən asılıdır”.