Azərbaycan və Özbəkistan arasında əlyazmaların surətlərinin mübadiləsinə dair təşəbbüs irəli sürülüb
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycan və Özbəkistan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətləri mədəni-humanitar sahədə də uğurla inkişaf edir. Bu əməkdaşlığın mühüm istiqamətlərindən birini iki ölkənin zəngin yazılı və əlyazma irsinin öyrənilməsi, qorunması və qarşılıqlı şəkildə tanıdılması təşkil edir. Xüsusilə Azərbaycan və Özbəkistanda mühafizə olunan əlyazmaların aşkara çıxarılması, kataloqlaşdırılması və elmi tədqiqi sahəsində həyata keçirilən birgə təşəbbüslər xalqlarımızın ortaq mədəni irsinin daha dərindən araşdırılmasına mühüm töhfə verir. Bu baxımdan Özbəkistan Elmlər Akademiyasının Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli söyləyib.
Akademik bildirib ki, Əlyazmalar İnstitutunun Özbəkistan Elmlər Akademiyasının Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutu ilə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Tərəflər arasında Azərbaycan və Özbəkistanda qorunan əlyazmaların müəyyənləşdirilməsi, kataloqlaşdırılması, surətlərinin qarşılıqlı mübadiləsi və elmi tədqiqi ilə bağlı təşəbbüslər irəli sürülüb. Bu istiqamətdə Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə mühüm layihələr həyata keçirilir. Azərbaycan əlyazmalarının Özbəkistan fondlarında müəyyənləşdirilməsi və onların kataloqunun hazırlanması üzrə işlər iki ölkənin yazılı irsinin sistemli şəkildə öyrənilməsinə imkan yaradır. Əməkdaşlığın mühüm nəticələrindən biri “Dünya ölkələrində saxlanılan Özbəkistanın mədəni irsi” layihəsi çərçivəsində hazırlanmış “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan özbək əlyazmaları” adlı albom-kataloqdur. Nəşr Özbəkistanda çap olunan “Özbəkistanın mədəni mirası” çoxcildliyinin “Azərbaycanda qorunan Özbəkistanın mədəni irsi” adlı LXII cildində yer alıb.
Müxbir - Tünzalə Arazlı