Laləzar Hüseynova: Bu gün həm sevinirik, həm də qürurlanırıq
Ağdam, 1 sentyabr, AZƏRTAC
Otuz ilə yaxın davam edən həsrətdən sonra Ağdam şəhəri yenidən doğma sakinlərinə qucaq açır. Bu gün doğma yurda qayıdanlar arasında uzun illər Ağdamdan uzaqda yaşayan Laləzar Hüseynova da var. O, doğma şəhərinə övladları və nəvələri ilə birlikdə qayıdıb.
Laləzar Hüseynova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdamı tərk edərkən yeni ailə həyatı qurduğunu xatırlayaraq, o vaxt azyaşlı övladı ilə məcburi köçkün düşdüyünü deyib. Köçkünlük illərində ailəsi ilə birlikdə yataqxanada məskunlaşan Laləzar Hüseynova həmin illərin bütün çətinliklərinə baxmayaraq, üç övlad böyüdüb.
“Çox şükür bu günümüzə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Prezidentimizi uca eləsin. Çünki o, bizim başımızı uca elədi. Bu gün həm sevinirik, həm də qürurlanırıq”, - deyə Laləzar Hüseynova bildirib.
44 günlük Vətən müharibəsində qazanılan Zəfərin hər bir köçkün ailəsinin taleyini kökündən dəyişdirdiyini qeyd edən sakin deyib: “Məhz bu tarixi qələbə sayəsində arzularımız çin oldu. Bizə bu fəxarətli günləri bəxş edən Müzəffər Ali Baş Komandanımıza minnətdarıq, torpaqlarımızı azad edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şərəfli, sağlam ömür arzulayırıq”.
İllər sonra Ağdama bu dəfə böyük ailə ilə qayıtdığını deyən L.Hüseynova hisslərini belə ifadə edib: “Ağdamı tərk edəndə azyaşlı uşağımla çıxmışdımsa, bu gün doğma torpağıma nəvələrimlə birgə qədəm qoyuram. Bu sevinci, bu qüruru bizə yaşadan Allahımıza şükürlər olsun”.