SİYASƏT
Laşa Darsaliya: Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı region üçün mühüm əhəmiyyət kəsb edir
Tbilisi, 6 mart, AZƏRTAC
Tbilisidə keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin Xarici əlaqələr komitələrinin 8-ci görüşünün iştirakçıları martın 6-da Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Xarici əlaqələr komitələrinin 2022-ci ildə Şuşada keçirilən 7-ci görüşündən ötən dövr ərzində görülən işlər, qarşıda duran məsələlər, parlament diplomatiyasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Laşa Darsaliya Azərbaycan, Gürcüstan, Türkiyə arasındakı üçtərəfli əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib. O, hər üç ölkənin parlamentləri arasındakı əlaqələrin inkişaf dinamikasından razılıqla danışıb. Bildirib ki, bu cür görüşlərdə müzakirə olunan məsələlər region üçün mühüm əhəmiyyət kəsb edir.
Komitə sədrləri - Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç parlament diplomatiyasının regionda davamlı inkişafa, sülhün bərqərar olmasına mühüm töhfə verəcəyini qeyd ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi