Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın məşqləri davam edir
Lənkəran, 15 dekabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsəri əsasında hazırlanan tamaşanın məşqləri davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, səhnə tərtibatının quruluşçu rəssamı Fuad Hüseynov, rəssamı isə Sevən Həsənlidir. Tamaşanın musiqi tərtibatı Vüqar Fərəcova həvalə olunub. Rejissor köməkçisi kimi isə Nuranə Nəcəfova fəaliyyət göstərir.
Pyesdə gəlinlik paltarı qadın üçün yalnız ailə rəmzi kimi deyil, eyni zamanda, azadlıqla ənənə arasında qalan taleyin simvolu kimi təqdim edilir. Əsərdə sevgi və xəyanət, məsuliyyət və mənəvi dəyərlərin aşınması, insanın öz seçimləri qarşısında daşıdığı cavabdehlik kəskin dramatik situasiyalar vasitəsilə açılır. “Gəlinlik paltarı” tamaşaçını zahiri xoşbəxtliklə gerçək mənəvi xoşbəxtlik arasındakı fərqi dərk etməyə və bu mövzu üzərində düşünməyə sövq edir.
Tamaşada rolları Gülər Kərimova, Ayşən Əsədova (Fənayə), Şəbnəm Hüseynova, Aysel Babazadə (Rahibə), Aynur Əhmədova, Təranə Fərəcova (Zinayə), Allahverən Babayev, Elçin Hacıyev (Qadir), Emil Rzayev, Saleh Əzimzadə (Haris) və digərləri ifa edirlər.