Lənkəran Dövlət Dram Teatrının truppası qastrol səfərində olub
Lənkəran, 18 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 18-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Lerikdə qastrol səfərində olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın aktyorları Lerik Şəhər Mədəniyyət Mərkəzinin səhnəsində görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Vəfalı Səriyyə və yaxud gözyaşı içində gülüş” tamaşası ilə sənətsevərlər qarşısında çıxış ediblər.
Tamaşadan əvvəl teatrın direktoru Tofiq Heydərov çıxış edərək, lerikli tamaşaçılarla Lənkəran sənətçilərinin hər görüşünün xoş duyğular oyatdığını, tələbkar sənətsevərlər qarşısındakı növbəti çıxışı da bir imtahan kimi dəyərləndirdiyini söyləyib.
“Qarşıdan 10 mart - Milli Teatr Günü gəlir. Mədəniyyət Nazirliyinin tapşırığı ilə biz bu əlamətdar hadisə münasibətilə xüsusi tədbirlər planı müəyyənləşdirmişik. Bugünkü “Sizinlə üz-üzə” adlı görüş-tamaşa da məhz bu qəbildəndir,” - deyə T.Heydərov vurğulayıb.
Teatrın ağsaqqal aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Qabil Quliyev çıxışında lerikli tamaşaçılara teatr sənətinə göstərdikləri sonsuz diqqətə görə minnətdarlığını çatdıraraq, onları bundan sonra da hər görüşdə maraqlı, rəngarəng səhnə əsərləri ilə sevindirəcəklərinə söz verib.
Daha sonra Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi “Vəfalı Səriyyə və yaxud gözyaşı içində gülüş” tamaşası təqdim olunub.
Səhnə əsərində mövcud inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adətlərə sadiqliyi, pulun pozucu təsiri ədib tərəfindən cəsarətlə tənqid olunub.
Lerik Rayon İcra Hakimiyyəti strukturlarının, yerli idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin izlədikləri tamaşada rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün) və Təranə Fərəcova (Hüsniyyə) ifa ediblər.