“LƏNKƏRAN REGİONAL ENERJİ TƏCHİZATI” MMC-DƏ TƏMİR-BƏRPA İŞLƏRİ APARILMIŞDIR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ildə “Lənkəran Regional Enerji Təchizatı” (RET) Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə təmir-bərpa işləri uğurla həyata keçirilmişdir.
Ötən müddətdə iki transformator məntəqəsi işə salınmış, müəssisənin paylayıcı elektrik şəbəkələrinin balansında olan üç transformator məntəqəsi daha güclü transformatorlarla təchiz edilmişdir. Bundan başqa, müxtəlif güclü 110 transformatorda cari və əsaslı təmir işləri aparılmış, bəziləri yeniləri ilə əvəzlənmişdir.
Ötən ay uzunluğu 14 kilometr olan 10 kilovoltluq elektrik xəttində cari təmir işləri aparılmış, uzunluğu 12 kilometr olan 0,4 kilovoltluq xətt əsaslı təmir edilmişdir.
Elektrik enerjisindən istifadə qaydalarının pozulması faktlarının aradan qaldırılması istiqamətində də bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Məsələn, mayda RET-də elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı 123 fakt qeydə alınmış, istifadə edilmiş elektrik enerjisinin haqqının məcburi qaydada ödənilməsi üçün müvafiq aktlar tərtib edilmiş, itirilmiş 296 min kilovat-saatdan çox elektrik enerjisinin haqqı bərpa edilmiş, həmin məbləğin 63 faizi artıq ödənilmişdir.
Ötən 5 ay ərzində bütövlükdə RET-də elektrik enerjisi istehlakı qaydalarının 610 dəfə pozulması faktı qeydə alınmışdır. Müvafiq aktlar tərtib edilmiş, 1,6 milyon kilovat-saatdan çox elektrik enerjisi itkisinin istehlak dəyəri bərpa edilmiş, həmin məbləğin 75 faizdən çoxu ödənilmişdir.
Lerik (24) və Astara (4) paylayıcı elektrik şəbəkələri üzrə tərtib edilmiş aktlar hüquq mühafizə orqanlarına verilmişdir.