Lənkəranda dəniz sahilində tank əleyhinə iki mina aşkarlanıb
Bakı, 18 avqust, AZƏRTAC
Avqustun 18-də saat 09:57-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhərinin Liman qəsəbəsində tank əleyhinə iki minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin çevik əməliyyat qrupunun, DSX-nin və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları ərazidə dəniz sahilinə baxış keçiriblər.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssislərinin apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tank əleyhinə TM-62M və TM-62P minaları aşkarlanıb. Minalar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaların tapıldığı yerin ətrafında 1000 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.