Lənkəranda intensiv yağışların yaratdığı fəsadlar aradan qaldırılır
Lənkəran, 19 yanvar, İlkin Adıyev, AZƏRTAC
Lənkəran rayonunda müşahidə olunan intensiv yağışlar bir sıra çaylarda sululuq səviyyəsinin artmasına səbəb olub. Nəticədə rayonun bəzi ərazilərində qısamüddətli subasma halları qeydə alınıb.
Lənkəran Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, subasma baş verən ərazilərdə əhalinin gündəlik tələbat malları ilə təminatında hər hansı çətinlik yaranmayıb. Rayon üzrə qaz, elektrik enerjisi və işıq təchizatı fasiləsiz davam edir.
“Mövcud vəziyyətlə əlaqədar Lənkəran Rayon Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Subasma müşahidə olunan ərazilərdə aidiyyəti qurumların əməkdaşları birgə tədbirlər həyata keçirir, Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin ağır texnikaları ərazilərə cəlb olunub. Hazırda Vilvan, Separadi, Zövlə, Kərgəlan və Səpnəkəran kəndlərində yağışın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır” , - məlumatda qeyd olunub.