Lənkəranda istifadəsiz binada gizlədilmiş əl qumbaraları və partladıcılar aşkarlanıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat həyata keçirib.
Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən Lənkəran rayonunun Yuxarı Nüvədi qəsəbəsi ərazisində istifadəsiz binanın içərisində basdırılaraq gizlədilmiş 8 ədəd "F-1" əl qumbarası və 8 ədəd partladıcı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.