Lənkəranın Əşlə kəndindəki körpü əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO
Lənkəran, 12 fevral, Bağır Əliyev, AZƏRTAC
Ötən ilin oktyabr ayında sel sularının Lənkəran rayonunun Əşlə kəndində yararsız hala saldığı körpü əsaslı təmirdən sonra fevralın 12-də yenidən istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni tikilmiş körpü dörd yaşayış məntəqəsini - Mollakənd, Siyobili, Rvo və Əşlə kəndlərini birləşdirməklə yanaşı, həm də sakinlərin Lənkəran-Lerik avtomobil yoluna çıxışını təmin edir.
Uzunluğu 40, eni 4,5 metr olan dəmir-beton konstruksiyalı, üç aşırımlı körpünün yükgötürmə qabiliyyəti 50 tondur. Körpünün altında, çay məcrasında monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulub, yeni inşa olunmuş dayaqlar körpünün altındakı aşırım tirlərinə bərkidilib. Bu isə bünövrənin sel daşqınları zamanı sıradan çıxmasının qarşısını alacaq.
Körpünün əsaslı təmirdən sonra yenidən istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətdə Lənkəran rayonunda həyata keçirilən irimiqyaslı layihələrdən danışan T.Qaraşov Prezident İlham Əliyevin rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar imzaladığı sərəncamların əhalinin rifah halının daha da yaxşılaşdırılmasına xidmət etdiyini diqqətə çatdırıb.
Kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.