LEOPOLD ROSTROPOVİÇİN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
1892-ci ildə Voronejdə anadan olmuş, Saratov və Azərbaycan konservatoriyalarının, qnesinıx adına Moskva Dövlət Musiqi Texnikumunun violonçel sinfinin professoru, Rusiyanın əməkdar artisti Leopold Vitoldoviç Rostropoviçin Azərbaycan incəsənətinin inkişafında da böyük xidmətləri var. O, 1925-ci ildə burada ilk simli kvartet yaratmışdır. Onun xatirə gecəsinin mövzusu da, təbiidir ki, ölkəmizdə simli kvartet sənətinin yaradılmasına və inkişaf yollarına həsr olunmuşdu.
Leopold Rostropoviç violonçeldə məharətlə çalırdı. Hazırda dünyanın bir nömrəli violonçelçisi olan Mstislav Rostropoviç deyir ki, onun atasına çatmasına hələ çox var və o, heç vaxt atasının səviyyəsinə qalxa bilməyəcəkdir.
Ev muzeyinin direktoru Şeyla Heydərova AZƏRTAC-ın müxbirinə demişdir ki, bəzi məlumatlara görə, simli kvartet Üzeyir Hacıbəyovun məsləhəti ilə yaradılmış və onun üçün ilk əsərləri də məhz dahi bəstəkar “Dağlarda çiçək” və “Üçtelli durnam” xalq mahnılarının melodiyaları əsasında yazmışdır.
Gecənin qonaqları – tanınmış bəstəkarlar, simli alətlərin ifaçıları öz xatirələrini bölüşdülər, Dövlət simili kvarteti isə Üzeyir Hacıbəyovun “Arazbarı” əsərini, Xəyyam Mirzəzadənin miniatürünü, Kreyslerin valslarını ifa etdi.
Xatirə gecəsində “Poloniya-Azərbaycan” Polşa icmasının nümayəndələri və Bakı Musiqi Akademiyasının tələbələri də iştirak edirdilər.