Lerikdə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir
Lerik, 20 yanvar (AZƏRTAC). Azərbaycan xalqının tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin iyirmi dördüncü ildönümü ilə əlaqədar Lerik rayonunda bir sıra tədbirlər həyata keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, faciə ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında, ərazi icra nümayəndəliklərində anım mərasimləri, konfranslar, “dəyirmi masa”lar, ədəbi-bədii gecələr, müxtəlif müsabiqələr və idman yarışları keçirilmişdir.
Yanvarın 18-də rayonun tədris müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmiş, Tarix-Diyarşünaslıq Muzeyində faciənin dəhşətlərini əks etdirən fotostend hazırlanmış və bu qanlı hadisələrə həsr olunmuş qəzet, jurnal və kitabların sərgisi təşkil edilmişdir.
Yanvarın 20-də ümumxalq hüzn günü ilə əlaqədar rayonun rəhbər işçiləri, ağsaqqallar, ziyalılar, şəhər əhalisi Şəhidlər abidə-kompleksinin önünə əklillər və gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmişlər.
Mərasim Mədəniyyət Evində davam etmişdir.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov 24 il əvvəl sovet ordusunun Bakı şəhərində törətdiyi qanlı cinayətləri yada salmış, 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişdir.
Tədbir iştirakçıları Mədəniyyət Evinin foyesində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuş, qanlı Yanvar hadisələrinə həsr olunmuş “Qan yaddaşımız” sənədli filminə baxmışlar.
Rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında qanlı Yanvar hadisələri ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.