REGİONLAR
Lerikdə külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkarlanıb
Lerik, 13 iyun, İlkin Adıyev, AZƏRTAC
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Piran kənd sakini Əliməhəmməd Şirvanov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində Ə.Şirvanovun həmin psixotrop maddəni Lənkəran sakini, əvvəllər məhkum olunmuş Pərviz Həsənovdan əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.
P.Həsənovun yaşadığı evdən və avtomobilindən ümumilikdə 360 qram heroin, 116 qram tiryək və 100 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.