“Lonely Planet” Avropadakı ən yaxşı ekoturizm istiqamətlərini açıqlayıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Planlaşdırılan və qəfil olmayan tətillərə üstünlük verən ekoturistlərə kömək etmək məqsədilə “Lonely Planet” beynəlxalq nəşriyyat şirkəti 2024-cü il üçün Avropanın ən yaxşı beş səyahət istiqamətinin siyahısını açıqlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, aparıcı turizm ekspertlərinin tərtib etdiyi reytinq "ölkələr", "bölgələr", "şəhərlər", "davamlı inkişaf" və "dəyərli əhəmiyyət" kateqoriyalarına bölünüb. Lonely Planet-ə görə, “ekoloji cəhətdən ən təmiz” kateqoriyası üzrə onluğa Avropa üzrə beş istiqamət daxil edilib.
Dünyanın ən populyar tətil yerlərindən biri sayılan İspaniya, bu gün mövsümdənkənar səyahət bölgələrini və az bilinən yerləri fəal şəkildə təbliğ edir, eyni zamanda ekoloji cəhətdən təmiz nəqliyyat növlərinə sərmayə qoyur: velosiped yolları şəbəkələrini genişləndirir, elektrikli avtobuslara keçir və yeni dəmir yolu marşrutları boyunca hərəkəti işə salır.
Qrenlandiya nəhəng buz təbəqələri və tundra mənzərələri ilə qeyri-adi mənzərələri sevən pərəstişkarları özünə cəlb edir, ölkənin “Visit Greenland” turizm şurası isə turistlərin sayının artması ilə bağlı yaranmış problemləri həll etməyə çalışır: insanların axını, əhəmiyyətli qazanc gətirsə də, bölgənin bənzərsiz təbiətinə zərər verə bilər.
İngiltərənin ən gözəl bölgələrindən biri sayılan Uels, turizmin davamlı inkişaf prinsiplərini qanunvericiliyə daxil edib. “Lonely Planet” şirkətinin yüksək qiymətləndirdiyi yenilənmiş dəmir yolu şəbəkəsi sayəsində bu bölgə ən yaxşı turizm istiqamətləri siyahısına düşə bilib. Məlumatda qeyd olunur ki, dəmir yolu rabitəsi ölkənin qərb hissəsinin heyrətamiz təbiətini araşdırmaq üçün əlverişli imkanları genişləndirir.
Ekoturistləri Portuqaliyada yalnız ənənələr və mədəniyyət abidələri yox, həm də uzun gəzintilər edərək, məsələn, piyada və ya velosipedlə səyahətə çıxaraq, qədim Santyaqo de Kompostela şəhərindəki Santyaqo Kilsəsinə gedə bilmək imkanı cəlb edir.
Mütəxəssislərin fikrincə, Baltikyanı ölkələr turistlərə daha çox reabilitasiya və meditasiya xidmətlərinin təklif edilməsi imkanlarına görə maraqlıdır. “Lonely Planet” səyahətçilərə bölgənin qum təpələrini, çaylarını və göllərini ziyarət etməyi tövsiyə edir.