Los-Ancelesdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Vaşinqton, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Mərasimdə şəhərdə fəaliyyət göstərən xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, Amerika Yəhudi Komitəsinin Los-Anceles nümayəndəliyinin rəhbərliyi, yerli universitetlərin professorları, icma üzvləri və başqaları iştirak etmişlər.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək 20 Yanvar hadisələri barədə məlumat vermişdir. O demişdir ki, həmin gecə sovet qoşunları tərəfindən çoxlu sayda günahsız insan amansızcasına qətlə yetirilmişdir. Ümummilli lider Heydər Əliyev faciədən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək qətliamı kəskin şəkildə pisləmişdir və bu, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini daha da ilhamlandırmışdır.
Baş konsul qeyd etmişdir ki, bu qəddarlığı törədən sovet rejimi Azərbaycan xalqının azadlıq arzularını boğmaq niyyətində olsa da, rejim öz məqsədinə çata bilməyərək tam iflasa uğramış, Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir.
Müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin siyasi və iqtisadi mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini bildirmiş və müstəqilliyimizin dönməz xarakter aldığını diqqətə çatdırmışdır.
“Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyer 20 Yanvar faciəsi barədə fikirlərini bölüşmüş, bu qətliamın SSRİ-nin süqutunun başlanğıcı olduğunu bildirmişdir. Qanlı faciə barədə dünya birliyinə hər hansı məlumatın ötürülməməsi üçün sovet rejiminin Azərbaycanı informasiya blokadasına aldığını bildirən N.Ağayev “National Geographic” jurnalının məşhur fotoqrafı Reza Deqatinin həmin günlərdə SSRİ dövlət orqanlarından gizli şəkildə Bakıya gedərək baş verən hadisələri necə işıqlandırması və dünyanı məlumatlandırması haqqında danışmışdır.
Sonra CNN telekanalının R.Deqatidən Bakıda götürdüyü müsahibə nümayiş etdirilmişdir.
Daha sonra tədbir iştirakçıları Qanlı Yanvar faciəsini əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton