Luis Okamponun etiraflarından ibarət videomateriallar bir çox məkrli planları ortaya çıxardı ŞƏRH
Bakı, 4 may, AZƏRTAC
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okamponun etiraflarından ibarət videomateriallar bir çox məkrli planları ortaya çıxardı. Burada daha geniş və sistemli şəkildə qurulmuş informasiya təsir mexanizmindən söhbət gedir. Bu mexanizmdə müxtəlif platformaların, lobbi şəbəkələrinin, çirkli maliyyə mənbələrinin iştirak etdiyi ortaya çıxdı.
L.Okampo maliyyələşmə məsələlərinə toxunaraq etiraf edir ki, ilkin mərhələdə layihələr üçün vəsait erməni mənbələrindən daxil olub, daha sonra isə xaricdə fəaliyyət göstərən, xüsusilə Rusiya ilə əlaqəli biznes dairələrinin iştirakı ilə daha strukturlaşdırılmış maliyyə mexanizmi formalaşıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Deputatın sözlərinə görə, təsadüfi deyil ki, Rusiya ilə əlaqəli biznes dairələri dedikdə ağla gələn adlar hibrid hücumlara xidmət edən lobbiçi marionetlər - Samvel Karapetyan və Ruben Vardanyandır. Bu şəxslərin sözügedən prosesdə mümkün rolu ilə bağlı faktlar kifayət qədərdir. Belə ki, istər Karapetyan, istərsə də R.Vardanyan hər zaman Azərbaycana qarşı kampaniyaların maliyyələşməsində fəal iştirak ediblər. Digər diqqətçəkən məqam isə maliyyələşmənin davamlılığı ilə bağlı səsləndirilən fikirlərdir. Videomateriallardan da aydın olur ki, kampaniya əvvəlcədən planlaşdırılıb və maliyyə təminatı qurulub, faktiki olaraq planlı xarakter daşıyır.
N.Məmmədova qeyd edib ki, bu fəaliyyət regiondakı siyasi proseslərlə, o cümlədən Ermənistandakı ictimai-siyasi mühitlə də birbaşa əlaqəlidir. Bu kontekstdə Nikol Paşinyan hökumətinə qarşı mümkün təzyiq ssenariləri Okampo tərəfindən açıq etiraf olunur. Bildirilir ki, məqsəd Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır. Okamponun Avropa strukturlarındakı əlaqələri ilə bağlı açıqlamalar da bir çox məsələlərə işıq salır. Bir daha aydın olur ki, Azərbaycana qarşı hər zaman radikal mövqe tutan Cozef Borrell ilə Okampo eyni cəbhədədir. Hətta o, Avropanın ən ali rəhbərlərinə belə təsir göstərmək iqtidarındadır. Bu prosesdə texnologiyalardan, süni intellektdən istifadə etmək niyyətini də açıqlayan Okamponun etirafları bu çirkin kampaniyanın Qərb institutları, Rusiyadan gələn maliyyə axınları və diaspor strukturlarının birgə fəaliyyəti ilə həyata keçirildiyini təsdiq edir.