Madhya Pradeş Hindistanda karantin rejimini ləğv edən ilk ştatdır
Pekin, 18 noyabr, AZƏRTAC
Hindistanın mərkəzində yerləşən Madhya Pradeş ştatı COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan qadağa və məhdudiyyətləri ləğv edən ilk ştat olub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, artıq ştat ərazisində bütün siyasi, iqtisadi, mədəni, dini tədbirlərin, idman yarışlarının keçirilməsinə icazə verilib, əyləncə-istirahət mərkəzlərinin fəaliyyəti bərpa olunub. Bundan başqa, kütləvi şənliklərin, o cümlədən toyların təşkili ilə bağlı qadağa və məhdudiyyətlər də tam aradan qaldırılıb. Qeyd etmək lazımdır ki, Hindistanda toy biznesi inkişaf etmiş sektorlardan biri hesab olunur. Proqnozlara görə, qarşıdakı bir ay ərzində Hindistanda 2,5 milyon toy şənliyi təşkil olunacaq. Bu şənliklərin ümumi maliyyə dövriyyəsi təxminən 40 milyard ABŞ dolları olacaq.
Ştatın Baş naziri Şivrac Sinq Çouhan pandemik vəziyyətin nəzarət altına alındığını, 70 milyondan çox əhalisi olan ştatda ötən sutka cəmi 5 yoluxmanın aşkarlandığını bildirib. Hazırda ştatda cəmi 78 aktiv xəstə var. Qadağaların ləğv olunmasına baxmayaraq, maska taxılması və sosial məsafənin qorunması qaydası davam edəcək. Bundan başqa, xidmət sektorunda yalnız COVID-19 virusuna qarşı tam peyvənd olunanların çalışmasına icazə var.
Qeyd edək ki, Hindistan pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir. Yoluxanların sayına görə 2-ci, tələfat hallarının sayına görə 3-cü olan Hindistanda iqtisadiyyat subyektləri, xüsusən də kiçik və orta sahibkarlar, ailə təsərrüfatları ciddi ziyan çəkib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin