Malayziyanın Bernama agentliyi Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə dair məqalə yayıb
Kuala Lumpur, 25 oktyabr, AZƏRTAC
Bu günlər bütün dünya mətbuatı kimi Malayziya KİV-ləri də Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü barədə xəbərlərə xüsusi yer ayırıb.
AZƏRTAC xəbər verir ki, bu ölkənin aparıcı Bernama agentliyi Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadın Bakıya səfərini və oktyabrın 25-də işə başlayan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünü geniş işıqlandırıb.
Agentliyin xüsusi müxbiri tərəfindən birbaşa Bakıdan göndərilən məlumatlarda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün əhəmiyyəti vurğulanır. Arul Racunun “Azərbaycanda Qoşulmama Hərəkatının XVIII sammiti açılır” başlıqlı məqaləsində qeyd edilir ki, Zirvə Görüşündə 120-dən çox ölkənin liderləri dünyanı narahat edən məsələləri müzakirə etmək üçün Bakıya toplaşıblar.
Məqalədə “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən Zirvə Görüşünün açılış mərasimi haqqında ətraflı məlumat verilir.
Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı tarixinə toxunan müəllif bildirir ki, ölkə təşkilata 2011-ci ilin mayında tamhüquqlu üzv olub. Qeyd edilir ki, 1961-ci ildə Belqradda soyuq müharibənin ən qızğın vaxtında ilk sammiti keçirilən Qoşulmama Hərəkatı özündə həmin vaxt keçmiş SSRİ-nin və ABŞ-ın rəhbərlik etdiyi böyük dövlətlərin təsirindən çıxaraq müstəqil beynəlxalq siyasət yürütmək istəyən dövlətləri birləşdirib.
Hazırda təşkilatın tərkibində 120 iştirakçı, 17 müşahidəçi dövlətin və 10 müşahidəçi beynəlxalq təşkilatın olduğu məqalədə öz əksini tapıb. Qeyd edilib ki, bu tərkiblə Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olaraq siyasi məsləhətləşmələr və əməli tərəfdaşlıq üçün geniş və inklüziv platformadır.
Xüsusi vurğulanıb ki, Qoşulmama Hərəkatı 1955-ci ildə İndoneziyada keçirildiyinə görə həm də Bandunq konfransı kimi tanınan Asiya-Afrika konfransının qətnaməsindən irəli gələn əsas konsepsiyaya malikdir. Bu sənəd sonradan bütün millətlərin suverenliyinə və ərazi bütövlüyünə, bütün irqlərin və millətlərin hüquq bərabərliyinə, başqa ölkələrin daxili işlərinə qarışmamaq kimi prinsiplərə hörmətlə yanaşmanı tələb edən hərəkatın yaranmasına səbəb olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur