İQTİSADİYYAT
Maliyyə naziri Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısında iştirak edir
Bakı, 6 dekabr, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 26-cı İllik Toplantısı öz işinə başlayıb.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, illik toplantıda Azərbaycanı bankın Rəhbərlər Şurasının üzvü, nazir Samir Şərifov təmsil edir.
Toplantıda Rəhbərlər Şurası tərəfindən bankın ortamüddətli strategiyası, 2025-2026-cı illər üzrə biznes planı, cari kredit portfeli və maliyyələşdirmə mənbələri, habelə üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsinə dair məsələlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.
Qeyd edək ki, QDTİB beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb.
Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.