Maliyyə savadlılığı üzrə təlimçilərin illik yığıncağı keçiriləcək
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 12-də Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) “Rəqəmsal dövrdə maliyyə savadlılığın gücləndirilməsi” adlı Maliyyə savadlılığı üzrə təlimçilərin illik yığıncağını keçirəcək.
AMFA-dan AZƏRTAC-a bildirilib ki, yığıncaq Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində təşkil olunur. Məqsəd maliyyə savadlılığının rəqəmsallaşdırılmasının yüksəldilməsi, kənd ailələrinin bilik və bacarıqlarının artırılması üçün yerli maliyyə savadlılığı üzrə təlimçilərin informasiya texnologiyalarından istifadəyə dair məlumat bazasını genişləndirməkdir. Tədbirin digər məqsədi isə Azərbaycanda Maliyyə Savadlılığı üzrə Təlimçilərin Klubunu yaratmaqdır. Klub mövcud təlim mənbələrinin yaxşılaşdırılmasına və ölkənin müxtəlif yerlərində maliyyə savadlılığı üzrə təlimçilər arasında inkişaf və əməkdaşlıq qurmaq üçün yeni mənbələrin aşkarlanmasına kömək edəcək.
Yığıncaqda AMFA-nın icraçı direktoru Jalə Hacıyevanın, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katib əvəzi Kristina Məmmədovanın, Polşa Mikromaliyyə Mərkəzinin (MFC) məsuliyyətli maliyyə üzrə proqram rəhbəri Kinqa Dobrovskanın, İslam İnkişaf Bankının Davamlılıq və Sosial İnkişaf Departamenti, Qadınların inkişafı üzrə baş mütəxəssisi Kristonia Lokhartın, “Mastercard”ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakarın, Beynəlxalq Maliyyə Korporasiyasının Mərkəzi Asiya və Azərbaycanda Elektron Rəqəmsal Maliyyə Xidmətləri layihəsinin məsləhətçiləri Savsan Kahharova və Zarina Boboaliyevanın, Mərkəzi Bankın Maliyyə savadlılığı şöbəsinin böyük mütəxəssisi Vüsal Həsənovun və bankın ödəniş sistemləri və hesablaşmalar departamentinın böyük mütəxəssisi Xəyaləddin Tağıyevin iştirakları gözlənilir.
Layihənin icrası regionlarda yaşayan əhalinin gəlir əldə etmək və iş yerlərinin açılmasını dəstəkləmək üçün mikromüəssisələrin yaradılmasına və inkişafına dəstək verəcək. Layihənin spesifik məqsədi Gəncə-Qazax, Quba- Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz (Aran) iqtisadi rayonlarında bazar imkanlarını asanlaşdırmaq və sərmayə kapitalı ilə təmin etməklə öz bizneslərini qurmağa və ya genişləndirməyə imkan yaratmaq üçün kəndli mikrosahibkarların imkanlarını gücləndirməkdir.