Manamada OANA İcraiyyə Komitəsinin 37-ci iclası keçirilmişdir
İclasda AzərTAc da təmsil olunmuşdur
Manama, 16 iyun (AZƏRTAC, Şıxəli Əliyev). İyunun 16-da Bəhreyn Krallığının paytaxtı Manamada ölkənin BNA dövlət xəbər agentliyinin ev sahibliyi ilə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 37-ci iclası keçirilmişdir.
Tədbir üzv agentliklərin hazırladıqları fotoşəkillərin sərgisi ilə açılmışdır. Fotoşəkillər hər bir agentliyə aid iri monitorlarda nümayiş etdirilir. Sərgi iştirakçıları AZƏRTAC-ın da hazırladığı və ölkəmizin son nailiyyətlərini əks etdirən fotoşəkilləri maraqla qarşılamışlar.
Sərgi ilə tanışlıqdan sonra iclası Rusiyanın İTAR-TASS agentliyinin Baş direktorunun birinci müavini, OANA-nın baş katibi Mixail Qusman açaraq Moskvada keçirilən XV Baş Assambleyasında irəli sürülmüş təkliflər və qəbul olunmuş qərarlar barədə danışmışdır. Sonra Bəhreyn Xəbər Agentliyinin baş direktoru vəzifəsini icra edən Mühənnəd Süleyman qonaqları salamlamış, müzakirələrdə fəal olmağa səsləmişdir. Sonra OANA-nın Moskvada keçirilmiş Baş Assambleyasında irəli sürülmüş təkliflər qəbul olunmuşdur.
İclasda OANA İcraiyyə Komitəsinin üzvləri Manama iclasında Azərbaycanın AZƏRTAC, Avstraliyanın Associated Press, Çinin Sinxua, Hindistanın PTİ, İranın İRNA, Yaponiyanın Kyodo, Malayziyanın Bernama, Monqolustanın Montsame, Cənubi Koreya Respublikasının Yonhap, Rusiyanın İTAR-TASS, Türkiyənin Anadolu, Birləşmiş Ərəb Əmirliklərinin WAM və Vyetnamın VNA agentliklərinin nümayəndələri iştirak etmişlər.
İclasın ilk günü üzv agentliklərin nümayəndələrinin ölkələr üzrə məruzələrinin dinlənilməsi ilə başa çatmışdır.
Sonra iclas iştirakçıları Bəhreyn Tarix Muzeyi ilə tanış olmuşlar.
AZƏRTAC 2004-cü ilin sentyabrından OANA-nın üzvüdür. Təşkilatın 2013-cü il sentyabrın 18-20-də Moskvada keçirilmiş XV Baş Assambleyasında AZƏRTAC-ın baş direktoru Aslan Aslanov dalbadal üç dəfə Büro üzvü, eyni zamanda, bu beynəlxalq qurumun vitse-prezidenti seçilmişdir. Qərara alınmışdır ki, növbəti Baş Assambleya 2016-cı ildə Bakıda keçiriləcəkdir. Bu tədbirdən sonra AZƏRTAC 2019-cu ilədək OANA-ya rəhbərlik edəcəkdir.
UNESCO-nun təşəbbüsü ilə 1961-ci ildə yaradılan OANA 35 ölkədən 45 informasiya agentliyini öz sıralarında birləşdirir. Dünyada ən böyük media təşkilatı kimi onun vəzifəsi Asiya və Sakit Okean ölkələri xəbər agentlikləri arasında əməkdaşlığı möhkəmləndirməkdir.
Şıxəli Əliyev
AZƏRTAC-ın müxbiri
Manama