Maqnit: şəfası da var, cəfası da...
Bakı, 22 dekabr, AZƏRTAC
Maqnitlə müalicə qədim dövrlərdə tətbiq olunurdu. Sonralar kimyəvi dərmanlar geniş yayıldıqca onunla müalicə üsulları unudulub.
AZƏRTAC xəbər verir ki, dahi Azərbaycan alimi və filosofu Nəsrəddin Tusi "Cəvahirnamə" əsərində yazırdı: "Deyirlər ki, hər kəs yanında maqnit gəzdirərsə, özünü ildırımdan qoruyar; maqnit bel və mədə ağrısında faydalıdır; gecələr qarına maqnit bağlayanda şiddətli ağrıdan qurtulmaq olar".
Digər azərbaycanlı alimi Məhəmməd Mömin "Tüffətül-Möminin" əsərində maqnitin sırf tibbi xüsusiyyətlərini sadalayır: "Maqnit təsirinə məruz qalmış təmiz su içəndə qaraciyər, dalaq təmizlənir, cinsi fəaliyyət qüvvətlənir, iflic, podaqra, revmatizm, işias və sonsuzluqda faydalı təsir göstərir. Maqnit və bal suyu orqanizmdən zəhərli maddələri çıxarır, ishalda fayda verir. Onun tozu dəmir silahdan alınmış yaraları sağaldır və bitişdirir".
Şirvanda yaşayan təbabətçi Hikmət Fərəcli maqnit haqqında bunları söyləyib: “Müasir tibdə mikromaqnit terapiyası üçün qədim həkimlik peşəsi ilə ən yeni texnologiyanı birləşdirən cihazlar yaradılıb. Maqnit stimulyatoru adlanan həmin cihazların maqnit sahəsi əmələ gətirməsi maddələr mübadiləsinə təsir göstərir, emosional gərginliyi azaldır, iştahanı və yuxunu yaxşılaşdırır, hormon hasilatını tənzimləyir, iltihabi proseslərin və allergiyanın qarşısını alır. İstehsalat və məişət əşyalarında yerlə əlaqə yaratmaq üçün əlavə xətt olur. Məsələn, işlədicidən cərəyan sızanda yer onu qəbul edir və təhlükə sovuşur. Orqanizmdə də belədir: zehni və fiziki iş görəndə orqanizm yüklənir və onu həmin yükdən azad etmək lazımdır. Qaranlıq otaqda sintetik paltarı əyindən çıxaranda mikroişıqlar görünür. Paltar orqanizmin enerjisindən elektriklə yüklənir, yayda şehli çəməndə ayaqyalın gəzərkən yerin təbii maqnit sahəsi ilə təmas yaranır, orqanizmdə olan artıq enerjinin bir hissəsi itirilir. Qədim Çin təbabəti ayaqlardakı nöqtəvi refleksogen zonalarla bütün orqanlar arasındakı əlaqəni müəyyən etmişdir. Ayaqyalın yeriyərkən pəncələr masaj olunaraq bədəni möhkəmlədir. Nəticədə ayaqlardakı yorğunluq azalır, təzyiq, ürək və beyin fəaliyyəti stabilləşir, yaddaş yaxşılaşır.
Maqnit su filtrləri də suyun strukturunu dəyişməklə maqnitləşməni həyata keçirir. Həmin suyun qəbul edilməsi mədə-bağırsaq sisteminə müsbət təsir göstərir, hüceyrələrin bioloji membranlarının keçiriciliyini yüksəldir, qanda xolesterinin miqdarını azaldır. Maqnitlə müalicə mütləq yüksək ixtisaslı həkim nəzarəti altında aparılmalıdır. Lakin bütün bunlarla yanaşı maqnitin zərərli təsirləri də var. Kiçik maqnit sahəsi orqanizmə mənfi təsir göstərir. Ona görə də maqnit sahəsi yaradan əşyalardan istifadə zamanı müəyyən qaydalara əməl etmək və məhdudiyyət qoymaq lazımdır”.