Marneuli şəhərində “Xocalıya ədalət!” şüarı altında aksiya keçirilmişdir
Marneuli, 25 fevral (AZƏRTAC). Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının təşəbbüsü ilə azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində “Xocalıya ədalət!” şüarı altında aksiya keçirilmişdir.
İttifaqın sədri Leyla Məmmədova iştirakçılara Xocalı soyqırımı barədə ətraflı məlumat vermişdir.
Tədbirdə Marneuli şəhərindəki gürcü orta məktəbinin nümayəndələri də iştirak etmişlər. 3 nömrəli Marneuli Azərbaycan orta məktəbinin gürcü dili müəllimi Nestan Darbaidze demişdir ki, Qarabağ müharibəsi barədə məlumatım vardır, lakin Xocalı şəhərində törədilmiş vəhşiliklər barədə daha ətraflı məlumatı bu gün əldə etdim. Burada müxtəlif dillərdə nümayiş etdirilən kitablardan, fotosərgidən həmin soyqırımı barədə daha önəmli məlumata malik oldum və bu tədbirin təşkilatçılarına minnətdaram.
Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin əməkdaşı Nərgiz Əliyeva, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov və başqaları ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə gələcək nəslin ətraflı məlumata malik olmalarının vacibliyinə diqqəti çəkmişlər.
İştirakçılar beynəlxalq təşkilatlara Xocalı qətliamına hüquqi qiymət verilməsi ilə bağlı ingilis, rus və Azərbaycan dillərində müraciət ünvanlamışlar.
Sonra Ombudsman Elmira Süleymanovanın müraciəti müxtəlif dillərdə səsləndirilmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi