Marneulidə Novruz bayramı qeyd olunub
Tbilisi, 21 mart, AZƏRTAC
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda Novruz bayramı geniş qeyd olunub.
AZƏRTAC xəbər verir ki, martın 21-də rayon mərkəzində təşkil olunan bayram şənliyində Gürcüstanın Baş naziri Mamuka Baxtadze, nazirlər Ketevan Tsxelaşvili, Sozar Subari, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, parlamentin deputatı Mahir Dərziyev və digər rəsmi şəxslər iştirak ediblər.
Marneuli sakinləri Baş naziri duz-çörəklə qarşılayıblar.
Mamuka Baxtadze rayon mərkəzində yaradılmış yarmarkaya baxıb, yumurta döyüşdürüb, şəkərbura və paxlavanın dadına baxıb, samovar çayı içib.
Sonra Novruz tonqalı yandırılıb.
Mərasimdə çıxış edən qubernator Ş.Rexviaşvili Marneuli sakinlərini bayram münasibətilə təbrik edib. Mərasimdə iştirakına görə hökumət başçısına minnətdarlıq edib.
Baş nazir çıxışında azərbaycanlıları ana dillərində - Azərbaycan dilində təbrik edərək firavanlıq, ruzi-bərəkət arzulayıb.
Tədbir konsert proqramı ilə davam edib.
Xatai Azizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi