Marneulidə ustad aşığın xatirəsi anılıb
Tbilisi, 11 dekabr, AZƏRTAC
Gürcüstanın Marneuli rayonunun Qasımlı kəndində ustad aşıq Nurəddin Qasımlının anadan olmasının 85 illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) və “Sazın-Sözün Butası” Birliyinin təşkilatçılığı, Marneuli meriyasının və “Qafqaz Türk Media”nın dəstəyi ilə baş tutub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov, Marneuli şəhərinin meri Kənan Ömərov, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, meriya ilə bələdiyyə məclisinin əməkdaşları, Tbilisi, Rustavi, Dmanisi və Bolnisidən, həmçinin digər bölgələrdən mədəniyyət və incəsənət ustaları, ziyalılar iştirak etdilər.
GAK sədri Hüseyn Yusubov çıxış edərək saz-söz ustadı aşıq Nurəddin Qasımlının həyat yolundan danışıb, yeni ustad aşıqların yetişməsində N.Qasımlının rolunu qeyd edib.
Səfirliyin əməkdaşı Cavid Məhərrəmov, Marneuli şəhərinin meri Kənan Ömərov, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzen, Gürcüstan Parlamentinin sabiq deputatı Ramiz Bəkirov çıxış edərək aşıq sənətinin tarixindən danışıb, dövlətin milli azlıqların mədəniyyətinin, xüsusən də aşıq sənətinin inkişafına verdiyi diqqət və qayğıdan söz açıblar.
Digər çıxış edən qonaqlar da aşıq Nurəddin Qasımlının həyatından və yaradıcılığından bəhs edərək onunla bağlı xatirələrini bölüşüblər.
Borçalının el aşıqları ustadın sözlərinə bəstələnmiş mahnıları ifa etdilər.
Tədbirin sonunda aşığın haqqında yazılmış kitab oxuculara hədiyyə olunub.
Tbilisi