Marneulidəki İslam mədrəsəsi azərbaycanlı iş adamları tərəfindən təmir edilib
Tbilisi, 18 noyabr, AZƏRTAC
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun İkinci Kosalı kəndindəki İkinci Kosalı İslam Mədrəsəsi təmir və bərpa işlərindən sonra yenidən istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, mədrəsə Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) və “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Gürcüstan filialının birgə dəstəyi ilə təmir olunub.
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Anar Rəsulov və Sərxan İsmayılov, Türkiyənin Gürcüstandakı səfirliyinin dini məsələlər üzrə nümayəndəsi Ahmet Erdem, AZEBİ-nin İdarə heyətinin sədri Nəriman Qurbanov, ADY-nin Gürcüstan filialının rəhbəri Elçin Ağayev, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Etibar Eminov, Gənclərə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev noyabrın 18-də mədrəsəni ziyarət edib, din xadimləri ilə görüşüblər.
Mədrəsənin rəhbəri Natiq Əliyev qurumun fəaliyyəti və təmir işləri barədə məlumat verib, göstərilən dəstək, diqqət və qayğıya görə Azərbaycan dövlətinə və iş adamlarına təşəkkür edib.
Bildirilib ki, iyulun 2-də baş verən güclü qasırğa nəticəsində İkinci Kosalı İslam Mədrəsəsinin dam örtüyünə, eləcə də dərs otaqlarına ciddi ziyan dəymişdi. Mədrəsəyə dəymiş ziyan tam olaraq aradan qaldırılıb və əsaslı şəkildə yenidən təmir olunub.
Qeyd edək ki, İkinci Kosalı İslam Mədrəsəsi 2001-ci ildən fəaliyyət göstərir və Gürcüstanın bütün bölgələrindən olan azərbaycanlı gəncləri maarifləndirir.
Mədrəsədə dini elmlərlə yanaşı, dünyəvi elmlər, həmçinin gürcü dili, ingilis dili və riyaziyyat dərsləri də tədris edilir.