Mart soyqırımı Azərbaycan tarixinin ən kədərli və qanlı səhifələrindən biridir
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də Azərbaycan Dillər Universitetində (ADU) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “dəyirmi masa” keçirilmişdir.
ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev bu günün tarixi haqqında qısa məlumat vermiş, 1998-ci ildən martın 31-nin ölkəmizdə rəsmən Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyini bildirmişdir.
Ə.Əliyev ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində 1918-ci ilin mart qırğınlarına siyasi qiymət verildiyini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulamışdır. Prorektor hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə xalqın bir daha öz tarixi keçmişinə qayıtdığını söyləmişdir.
Sosial elmlər kafedrasının müəllimi Şəlalə Bağırova 1918-ci ilin mart soyqırımı ərəfəsində Bakıda ictimai-siyasi vəziyyət və onun nəticələri haqqında danışmışdır. Ş.Bağırova mart soyqırımının Azərbaycan tarixinin ən kədərli və qanlı səhifələrindən olduğunu, sovet dövrünün sərt qanunlarına əsasən bu hadisələrin xalqımızın yaddaşına düzgün köçürülmədiyini, Azərbaycan öz müstəqilliyini bərpa edənədək bu haqda doğru-dürüst məlumat verilmədiyini bildirmişdir. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il martın 31-nin azərbaycanlıların soyqırımı günü kimi elan olunduğunu və bununla da, Azərbaycan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə - soyqırımı hadisəsinə tarixdə ilk dəfə siyasi qiymət verildiyini söyləmişdir.
Sonra tələbələrin mövzuya dair çıxışları dinlənilmişdir.
“Dəyirmi masa”da çıxış edən professor Məhəmməd Teymurlu ADU-da gənclərə hərbi-vətənpərvərlik hissləri aşılayan bu cür tədbirlərin mütəmadi keçirildiyini vurğulamışdır. Professor torpaqlarımızın azadlığı və suverenliyi uğrunda aparılan mübarizənin nəticəsiz qalmayacağını bildirmiş, bu qalibiyyətin əldə olunmasında təbliğatın böyük rolunu qeyd etmişdir.
Tədbir “Mart soyqırımının baş vermə səbəbi nə idi və biz harada səhv etdik?”, “1905-ci ildən bəri qığılcımlanan erməni-müsəlman davasında kimlərin əli vardı və məqsəd nə idi?”, “Niyə öz tariximizi öyrənməkdə bu qədər laqeyidik?” mövzuları ətrafında müzakirələrlə davam etmişdir.