Mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 30 mart (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naхçıvan Bölməsində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım və deportasiya siyasəti” mövzusunda elmi konfrans keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırım siyasəti, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi, o cümlədən repressiya və deportasiyaya məruz qalması, etnik təmizləmə, ərazilərimizin bir hissəsinin işğal edilməsi və s. barədə ətraflı məlumat vermişdir.
Ermənilərin Naxçıvanda törətdikləri kütləvi qırğınlardan bəhs edən akademik erməni daşnaklarının soyqırımı və təcavüz siyasətinin mahiyyətini açıqlamışdır. O, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı faciələrinin bir daha təkrar olunmaması, bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin imzaladığı tarixi fərmanların əhəmiyyətindən söz açmışdır.
Tədbirdə ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman apardığı məqsədyönlü soyqırımı aktlarını dünya ictimaiyyətinin diqqətinə, eləcə də gələcək nəsillərə əsaslı şəkildə çatdırılması istiqamətində AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının da öhdəsinə böyük vəzifələrin düşdüyü qeyd edilmişdir. Bildirilmişdir ki, bölmə əməkdaşları mütəmadi olaraq bu mövzuda tədqiqatlarını genişləndirməli, eyni zamanda, təbliğatlar aparmalıdırlar.
AMEA Naхçıvan Bölməsinin Tariх, Etnoqrafiya və Arхeologiya İnstitutunun direktoru, professor hacı Fəхrəddin Səfərli “Heydər Əliyev və azərbaycanlıların soyqırımı və deportasiyası məsələsi”, institutun şöbə müdiri, AMEA-nın müхbir üzvü Vəli Baхşəliyev ““Erməni məsələsi” və onun antitürk mahiyyəti”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Zakir Rzayev “Erməni kilsəsi və millətçi təşkilatları azərbaycanlılara qarşı törədilən soyqırımların təşkilatçısı kimi”, Sara Hacıyeva “Ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi siyasəti”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev “Azərbaycanlılara qarşı soyqırımların başlanmasının ilk mərhələsi: 1905-1907-ci illər” mövzularında məruzələr etmişlər.
Sonra erməni vəhşiliklərini özündə əks etdirən “Azərbaycanlıların soyqırımı və deportasiyası” mövzusunda sərgi və “31 mart-azərbaycanlıların soyqırımı” adlı videoçarx nümayiş etdirilmişdir.