Masallı rayonunda “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Bakı, 18 noyabr, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Gəyəçöl kənd tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə videoçarxı izləyiblər.
Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev çıxış edərək narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. A.Ağayev qeyd edib ki, DİN və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.
Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri M.Bədirov, rayon təhsil şöbəsinin müdiri T.Əkbərov və digərləri erkən nikaha daxilolma kimi mənfi halların ağır nəticələrindən danışıblar. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.