Masallıda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb
Masallı, 31 mart, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Mart soyqırımı” mövzusunda onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Onlayn tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalıb. Ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və aborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi.
Ermənilərin əsrlərdir davam edən antitürk siyasəti və həyata keçirdikləri terrorçuluq əməllərindən danışan S.Əliyev qeyd edib ki, azərbaycanlıların kütləvi şəkildə qırılmasını ötən əsrin dünya tarixinin ən faciəvi səhifələrindən biri hesab etmək olar. Ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.
1918-ci ildə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğınlar törədiblər.
Diqqətə çatdırılıb ki, ermənilərin onilliklər boyu davam edən soyqırımı siyasəti total ideoloji təcavüz, terror, hətta ayrı-ayrı vaxtlarda tammiqyaslı hərbi əməliyyatlarla müşayiət olunub. Azərbaycan ərazisinin Rusiya və İran arasında bölüşdürülməsi və ermənilərin kütləvi şəkildə tarixi torpaqlarlarımızda məskunlaşdırılması bu siyasətin tərkib hissəsi idi.
1905 və 1918-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınların ardınca 1920-ci ildə Zəngəzurun ermənilərə verilməsi, Qarabağ ərazisində erməni muxtariyyətinin yaradılması, 1948-1953-cü illərdə, 1988-ci ildə soydaşlarımızın Ermənistandan deportasiyası vahid strateji planın tərkib hissəsi idi.
Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov çıxışında qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu təqvim Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. Bu faciələrin günahkarı “böyük Ermənistan” yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün istənilən iyrənc vasitəyə əl atan erməni şovinizmidir.
Onlayn tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının Şura üzvü Nahid Rəhimov, Qadınlar Şurasının üzvü Aytən Şükürova, Gənclər Birliyinin üzvü Rövşən Muxtarov və başqaları törədilən qanlı hadisələrə görə ermənilərin tarix qarşısında cavab verəcəklərinə əminliklərini ifadə ediblər.