Masallıda "Şuşa ətrin duyulur" adlı tamaşa nümayiş olunub
Masallı, 5 noyabr, İlkin Adıyev, AZƏRTAC
Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində "Şuşa ətrin duyulur" adlı tamaşa nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Şuşa İli" çərçivəsində hazırlanan tamaşa Masallı Xalq Teatrı, Cəlilabad Xalq Teatrı, Masallı Dövlət Regional Kolleci və Masallı Rayon Gənclər və İdman İdarəsinin peşəkar idmançılardan ibarət kollektivlərinin iştirakı ilə ərsəyə gəlib.
Tamaşada Pənahəli xan, Xurşidbanu Natəvan kimi tarixi şəxsiyyətlərlə yanaşı, 44 günlük Vətən müharibəsi dönəmində Şuşa şəhərini işğaldan azad edərkən şəhid olan Vətən Müharibəsi Qəhrəmanları Ramiz Cəfərov və İntiqam Əsgərli, “Azərbaycan bayrağı” ordenli Sahib Şirəliyev, "Rəşadət" ordenli Rəfail Hüseynov və digər qəhrəman şəhidlərimizin obrazları canlandırılıb.
Tamaşa "Biz birlikdə güclüyük" İctimai Birliyinin dəstəyi ilə gerçəkləşdirilib.
Jurnalist-yazar Cəfər Cəfərovun eyniadlı pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Masallı Xalq Teatrının baş rejissoru Cəmaləddin Əliyev, səhnə tərtibatçısı isə Elsevər Əliyevdir.