Masallıda şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərilir
Masallı, 5 yanvar, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşları ölkəmizdə COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən sərtləşdirilmiş karantin rejiminin qaydalarına əməl etməklə vaxtaşırı olaraq şəhid ailələrinə və qazilərə baş çəkir, onların problemləri ilə maraqlanırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov rayonun Qarğalıq kəndində şəhid gizir Rafail Hüseynovun və Güllütəpə ərazisinin Yolağac kəndində şəhid gizir Raqif Əzizovun ailəsi ilə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıb.
Rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, aparatın əməkdaşları və rayon mərkəzi xəstəxanasının həkimi rayonun Viləş kəndində olan qazilər gizir İdrak Abışov, çavuş Həsrət Ağayev, əsgərlər Zaur Abdullayev və Xəyal Səfərli, Xırmandalı kəndindən olan qazi əsgərlər Pərvin Həsənov, İbrahim Qasımov, Emin Çobanov və Nəzər Qurbanov, Həsənli inzibati ərazi dairəsinin Köçəkli kəndindən olan qazilər baş leytenant Taleh Qaraşov, əsgərlər Zaur Əhədli, Araz Kərimov və Ruslan Abıyevə baş çəkiblər.
Rayon rəsmiləri, həmçinin Köçəkli kəndindən olan şəhid gizir İntiqam Abbasovun anası ilə görüşərək, onu həkim müayinəsindən keçirib, problemləri ilə maraqlanıblar.
Şəhid ailələri, qazilər və onların valideynləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.