REGİONLAR
Masallının Qodman kəndində yeni həkim məntəqəsi istifadəyə verilib
Masallı, 18 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 18-də Masallı rayonunun Qodman kəndində Yaponiya hökumətinin ölkəmizdə həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi” Qrant Yardımı Proqramı çərçivəsində inşa edilmiş yeni həkim məntəqəsi istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi, “Ot kökləri və insan təhlükəsizliyi” layihəsi üzrə məsləhətçilər Haşimoto Takuma və Zakir Əliyev, layihəni icra edən “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev və başqaları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Masallı şəhərinin mərkəzi meydanında şəhidlərin adlarını əbədiləşdirmək məqsədilə inşa edilmiş “Qəhrəmanlar parkı”nda abidə-kompleksini ziyarət ediblər.
Tədbirdə çıxış edənlər kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edərək, ölkəmizdə yerli əhəmiyyətli sosial layihələrin icrasına göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, yeni inşa edilmiş Qodman kənd həkim məntəqəsi 7 otaqdan (stomatoloji, peyvənd, pediatriya, ginekoloji, müalicə otaqları, anbar və sanitar qovşağı) ibarətdir.
Həkim məntəqəsindən Qodman kəndinin 2800 nəfər əhalisi ilə bərabər, Əzizabad və Məmmədrzaküçə kəndlərinin sakinləri də faydalanacaq.