Mayor Süleyman Heydərov: Peşəkarlığından asılı olmayaraq, hər kəs mina qurbanı ola bilər
Bakı, 22 noyabr, AZƏRTAC
Mina səbəbindən görmə qabiliyyətimi tamamilə itirmişəm. Öz timsalımda nümunə kimi deyə bilərəm ki, peşəkarlığından asılı olmayaraq, hər kəs mina qurbanı ola bilər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının məzunu, qazi mayor Süleyman Heydərov deyib.
Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və quruculuq işlərinin aparıldığını bildirən mayor həmin ərazilərin çətin relyefə malik olduğunu vurğulayıb. O, mina ilə bərabər, partlamamış silah-sursatın da insan həyatı üçün təhlükə yaratdığını bildirib. S.Heydərov minatəmizləmə əməliyyatlarına mane olan səbəblərdən də danışıb. O deyib: “Sentyabr ayında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələri məhv edildi. Burada yaşayan mülki əhalinin bəzi hissəsi könüllü surətdə ərazini tərk etdi. Azərbaycan tərəfindən mülki əhaliyə qarşı heç bir güc tətbiq olunmadı. Amma təəssüf, beynəlxalq təşkilatlar bar-bar bağırırlar ki, erməni əhali evlərini tərk edib, onların hüquqları pozulub. Halbuki azərbaycanlılar münaqişə dövründə dəhşətli işgəncələrə məruz qalıb, evlərindən didərgin salınıb, amansız surətdə qətlə yetiriliblər. İnsanlarımız indi də mina təhlükəsindən əziyyət çəkir, şikəst olurlar. Buna son qoyulmalıdır”.
Qeyd edək ki, S.Heydərov Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb. Həmin vaxt o, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi olub. Kapitan Süleyman Heydərova vaxtından əvvəl “mayor” hərbi rütbəsi verilib.