MDB ekspertləri diabetin profilaktikası və müalicəsində əməkdaşlığı müzakirə ediblər
Bakı, 18 may, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin (MDB) mənzil-qərargahında MDB-yə üzv dövlətlərin diabet problemləri üzrə Ekspert Şurasının videokonfrans rejimində iclası keçirilib.
AZƏRTAC MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Ekspert Şurasının üzvləri 2021-2025-ci illər üçün MDB-yə üzv dövlətlərin şəkərli diabetin profilaktikası və müalicəsi üzrə əməkdaşlıq proqramının 2022-ci ildə icrasını müzakirə ediblər. Bu mövzu nəzərdən keçirilərkən şəkərli diabetin profilaktikası, onun erkən diaqnostikası, bu xəstəliyə tutulmuş pasiyentlərin hüquq və maraqlarının qorunması, onların fiziki, psixoloji və sosial reabilitasiyası məsələlərinin təhlilinə, eləcə də keyfiyyətsiz və saxta dərman vasitələrinin dövriyyəsinin aradan qaldırılması məqsədilə şəkərli diabetin və onun ağırlaşmalarının müalicəsində istifadə olunan dərman vasitələrinin dövriyyəsinə nəzarətin gücləndirilməsinə əsas diqqət verilib.
İclas iştirakçıları öz dövlətlərində şəkərli diabet xəstələrinə tibbi-sosial köməyin təşkili sistemi barədə məlumatları bölüşüb, Rusiya Federasiyasında şəkərli diabet nəticəsində ölüm hallarının kodlaşdırılmasında prinsip və yanaşmalarla tanış olublar.
Bununla yanaşı, görüşdə MDB-nin səhiyyə sahəsində əməkdaşlıq üzrə Şurasının növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub, eləcə də MDB-yə üzv dövlətlərin diabet problemləri üzrə Ekspert Şurasının növbəti iclasının gündəliyinin layihəsi, keçiriləcəyi tarix və yer müəyyən edilib.