MDB İnformasiya Şurasının növbəti iclasının gündəliyi çox dolğun olacaqdır
Minsk, 21 iyun (AZƏRTAC). İyunun 24-25-də Astanada (Qazaxıstan) MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcəkdir. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat vermişlər.
Qarşıdan gələn tədbirin gündəliyi 6 məsələni əhatə edəcəkdir. Şuranın üzvləri 2014-2015-ci illərdə nəzərdə tutulan mühüm media-hadisələrin işıqlandırılmasında dövlət informasiya agentliklərinin əməkdaşlıq vəzifələrini göstərəcək, Kazinform agentliyinin fəaliyyəti və Belarus Respublikasının alman-faşist işğalçılardan azad edilməsinin 70 illiyinin bayram edilməsi haqqında informasiya dinləyəcəklər.
İclas iştirakçıları MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası və Milli İnformasiya Agentlikləri Assosiasiyası çərçivəsində birgə layihələrə dair mövzuları müzakirə edəcək, bir sıra digər məsələləri nəzərdən keçirəcəklər.
1995-ci ildə yaradılmış Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Ermənistanın milli agentlikləri daxildirlər.
Şuranın fəaliyyəti sərbəst informasiya mübadiləsinə dair təsirli mexanizmin yaradılmasına, MDB ölkələrinin informasiya sahəsində qarşılıqlı fəaliyyətinin və əməkdaşlığının təmin olunmasına, informasiya tərəfdaşlığının möhkəmlənməsinə, təkcə siyasi və iqtisadi prosesləri deyil, həm də maraqların bütün spektrini, o cümlədən mədəniyyət, elm və idman sahələrini əhatə edən informasiya axınlarının qarşılıqlı sərbəst hərəkəti üçün şəraitin yaradılmasına istiqamətlənmişdir. Bundan əlavə, Şura Birliyin iştirakçısı olan dövlətlərin milli informasiya agentliklərinin potensialından geniş istifadə olunmasına, materiallarla mübadilənin səviyyəsinin və səmərəliliyinin artırılmasına, obyektiv informasiyanın operativ yayılması üçün agentliklərin səylərinin birləşməsinə kömək etməlidir.
2003-cü ildə hökumət başçılarının qəbul etdikləri milli informasiya agentliklərinin materiallarının və təbiət və texnogen xarakterli fövqəladə hallar barədə informasiyanın mübadiləsi, belə halların aradan qaldırılması və zərər çəkmiş əhaliyə yardım göstərilməsi zamanı qarşılıqlı informasiya fəaliyyəti barədə sazişlər Şuranın ən mühüm vəzifələrindən biridir.
Şura həmin sənədləri icra etmək üçün 2004-cü ildə MDB iştirakçısı olan dövlətlərin Milli İnformasiya Agentlikləri Assosiasiyasını (ANİA) təşkil etmişdir. 2010-cu ilin yanvarında ANİA-nın internetdə açıq istifadədə olan müasir saytı təqdim olunmuşdur.
MDB İnformasiya Şurasının fəal dəstəyi sayəsində 1998-ci ildən başlayaraq müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda ümumdünya rus mətbuatı konqresləri keçirilir. Konqreslərdə yaxın və uzaq xarici ölkələrin KİV nümayəndələri iştirak edirlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk