SİYASƏT
MDB PAA DİMBİ-nin müşahidə missiyası aprelin 8-dən Bakıda olacaq
Bakı, 7 aprel, AZƏRTAC
MDB Parlamentlərarası Assambleyasının demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PAA DİMBİ) beynəlxalq müşahidə missiyası Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün aprelin 8-dən başlayaraq Bakı şəhərində olacaq.
MDB PAA DİMBİ Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşahidə missiyasının tərkibinə Rusiya, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğızıstandan olan deputatlar daxildir. Bundan əlavə, beynəlxalq müşahidəçilər missiyasının tərkibində MDB PAA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri də var.
Missiya üzvləri aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün Bakı şəhərində və respublikanın bölgələrində olacaqlar.
Həmçinin beynəlxalq müşahidəçilərin Milli Məclisdə, Mərkəzi Seçki Komissiyasında və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.
Seçkilər başa çatdıqdan sonra beynəlxalq müşahidəçilər mətbuat konfransı keçirəcəklər.