MDB XİNŞ-nın növbəti iclası Daşkənddə olacaqdır
Bakı, 11 mart (AZƏRTAC). Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının (MDB XİNŞ) iclası aprelin 5-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində olacaqdır.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, xarici siyasət idarələrinin başçıları siyasət, təhlükəsizlik, təhsil, bədən tərbiyəsi, idman və turizmin inkişafı sahələrində MDB ölkələrinin birgə fəaliyyətini reqlamentləşdirən ondan çox məsələni müzakirə edəcəklər.
İclasın gündəliyinə daxil edilmiş ən mühüm məsələ təhsil haqqında sənədlərin qarşılıqlı surətdə tanınması haqqında MDB-nin iştirakçısı dövlətlərin saziş layihəsi haqqında qərardır.
XİNŞ iclasının iştirakçıları həmçinin Birlik ölkələrində bədən tərbiyəsi və idmanın inkişafı strategiyasının həyata keçirilməsi sahəsində 2013-2015-ci illər üçün tədbirlər planını müzakirə edəcək, 2014-cü ilin MDB-də Turizm İli elan olunması məsələsini nəzərdən keçirəcəklər.
Bundan başqa, iclasda təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəldilmiş sənəd layihələrini, məsələn, informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərə qarşı mübarizədə MDB dövlətlərinin əməkdaşlığı konsepsiyasının layihəsini müzakirə edib baxılması üçün Birliyin ali nizamnamə orqanlarına təqdim etmək planlaşdırılır.
Xarici işlər nazirləri MDB dövlətlərinin sərhədlərində təhlükəsizlik üçün yaranan qorxunun çevik aradan qaldırılması məqsədi ilə sərhəd idarələri mütəxəssislərinin (ekspertlərinin) birgə qruplarının formalaşdırılması və tətbiqi haqqında saziş layihəsini müzakirə edəcəklər.
İclasda iştirakçılar MDB dövlətlərinin vergi (maliyyə) araşdırmaları orqanları rəhbərlərinin əlaqələndirmə şurası haqqında əsasnaməyə əlavə və dəyişikliklərin edilməsi məsələsini, Birlik çərçivəsində çoxsəviyyəli XİN-lər arası məsləhətləşmələr planının həyata keçirilməsi haqqında qərar layihələrini və 2013-ci il üçün müvafiq planlı, xarici işlər nazirliklərinin konsul xidmətləri rəhbərlərinin məsləhət şurası haqqında əsasnaməni müzakirə edəcəklər.
MDB XİNŞ Birliyin Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının qərarları əsasında üzv dövlətlərin xarici siyasət fəaliyyətinin, o cümlədən onların beynəlxalq təşkilatlarda göstərdikləri fəaliyyətin əlaqələndirilməsini həyata keçirən ali orqanları sırasına daxildir.
Dövlət və hökumət başçıları şuralarının qərarları XİNŞ-in təqdimatları əsasında qəbul olunur.
Şuranın ilk iclası 1993-cü ilin avqustunda keçirilmişdir.