REGİONLAR
MDU-nun əməkdaşları İsveç və Estoniya universitetlərində qazandıqları təcrübələri bölüşüblər
Bakı, 21 oktyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanın ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda “Erasmus+” layihəsi çərçivəsində görülmüş işlərlə bağlı görüş keçirilib.
Bu barədə AZƏRTAC-a MDU-dan bildirilib. Görüşdə ali təhsil müəssisələrində universitet-sənaye işbirliyinin gücləndirilməsi, innovasiya və sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi sahəsində qabaqcıl təcrübələri öyrənmək məqsədilə İsveçin KTH Kral Texnologiya Universitetində və Estoniyanın Tallin Texnologiya Universitetində təlimdə olmuş MDU-nun nümayəndə heyətinin üzvləri təqdimatla çıxış ediblər.
Universitetin rektoru Şahin Bayramov səfər zamanı görülən işlər barədə məlumat verib, layihə ilə bağlı əsas gözləntiləri diqqətə çatdırıb. 11 Azərbaycan universitetindən müvafiq əməkdaşların iştirak etdiyi işgüzar təlim səfərləri zamanı layihənin məqsədinə uyğun olaraq müxtəlif seminarların təşkil edildiyini və qarşılıqlı fikir mübadilələrinin aparıldığını bildirib.
Sonra MDU-nun Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov və Xarici dillər kafedrasının müəllimi Samirə Əhmədova layihənin iş planı barədə məlumat verib, təhsil, tədqiqat və idarəetmədə sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi ilə bağlı təlim və seminarlarda əldə etdikləri təcrübələri görüş iştirakçıları ilə paylaşıblar.
Qeyd edək ki, MDU Azərbaycanda koordinator statusunda “Erasmus+” layihəsinin qalibi olan ilk region universitetidir. 36 ay müddətində reallaşdırılacaq layihənin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet– sənaye əməkdaşlığının genişləndirilməsidir.