Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏCBURİ KÖÇKÜNLƏR VƏ QƏBƏLƏ RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

MƏCBURİ KÖÇKÜNLƏR VƏ QƏBƏLƏ RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Qəbələ, 27 fevral (AZƏRTAC). Prezident İlham Əliyev fevralın 27-də Qəbələdə məcburi köçkünlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV yeni mənzil alan məcburi köçkünləri təbrik edərək dedi:

- Mən sizi ürəkdən salamlayıram və məcburi köçkünləri yeni gözəl evlərin istifadəyə verilməsi münasibətilə təbrik edirəm. Siz bu evlərdə rahat yaşayın, yaxşı yaşayın. Siz uzun illərdir ki, turbazada, pioner düşərgəsində çətin, ağır vəziyyətdə yaşayırsınız. Amma artıq bu gündən yaxşı, gözəl şəraitdə yaşayacaqsınız. Bilirsiniz ki, Azərbaycan dövləti, Azərbaycan hökuməti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və onların məşğulluğunun artırılması üçün çox böyük işlər görür. Dövlət Proqramı qəbul edilibdir və ilk mərhələdə ən ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemləri həll olundu. Artıq Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi yoxdur. İndiki mərhələdə digər yerlərdə yararsız binalarda yaşayan soydaşlarımızın problemləri həll olunmalıdır.

Qəbələ rayonunda bu proses gedir və demək olar ki, ölkəmizin müxtəlif yerlərində biz bu işlərə başlamışıq. Bakıda, digər rayon mərkəzlərində məcburi köçkünlər üçün çoxmərtəbəli evlər tikilir. Burada yaşayış şəraiti yaxşıdır və əminəm ki, siz bu evlərdə rahat yaşayacaqsınız. Ancaq əsas məsələ ondan ibarətdir ki, siz öz doğma torpaqlarınıza qayıdasınız. Budur əsas məsələ. Görülən bu tədbirlər və ayrılan böyük vəsaitlər müvəqqəti xarakter daşıyır ki, biz məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdıraq, sizin həyatınızı yüngülləşdirək. Ancaq əsas məsələ öz həllini tapmalıdır.

Biz, bütün Azərbaycan xalqı dünən böyük faciənin ildönümünü qeyd etdik. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı yaddaşımızdan heç vaxt silinməyəcəkdir. İnsanlığa qarşı o qanlı cinayət artıq bütün dünya tərəfindən tanınır və bizim səylərimiz, Azərbaycan dövlətinin, ictimai təşkilatların, diaspor təşkilatlarının, gənclərin, xaricdə yaşayan tələbələrin səyləri nəticəsində artıq bütün dünya bunu bilir. Baxmayaraq ki, müharibənin ilk illərində erməni təbliğatı bu məsələni ört-basdır etmək üçün böyük səylər göstərmişdi və deyə bilərəm ki, müəyyən uğurlar da əldə edə bilmişdi. Bizim təbliğat imkanlarımız çox məhdud idi. Erməni diasporu və onların dünyadakı havadarları tarixi həqiqəti təhrif etməklə, demək olar ki, Xocalı həqiqətlərini gizlətmişdilər. Ancaq bu gün bütün dünya bilir və dünən dünyanın müxtəlif yerlərində yüksək səviyyədə keçirilən tədbirlər və o tədbirlərdə müxtəlif ölkələrin dövlət, hökumət və ictimaiyyət nümayəndələrinin iştirakı onu göstərir ki, artıq biz bu faciə ilə bağlı bütün həqiqətləri dünya birliyinə çatdıra bilmişik.

Ancaq bu, hələ işin birinci mərhələsidir. Biz çalışmalıyıq ki, Azərbaycan xalqına qarşı soyqırımında iştirak etmiş cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunsunlar. Əminəm ki, o gün gələcək və Azərbaycan xalqının qanına əli batmış bütün cinayətkarlar, bütün quldurlar cəzalarını alacaqlar. O ki qaldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycan öz səylərini davam etdirəcəkdir. Biz çalışırıq və çalışmalıyıq, ölkəmizi hərtərəfli inkişaf etdirək, gücləndirək ki, danışıqlarda, ümumiyyətlə, Ermənistanla qarşıdurmada mövqelərimiz daha da güclənsin. Beynəlxalq müstəvidə buna nail ola bilmişik.

Beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq təşkilatlar məsələnin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həll olunmasını təsdiqləyir. Bunu təsdiqləyən çoxsaylı beynəlxalq sənədlər vardır. Ancaq əfsuslar olsun ki, bütün bu səylərə baxmayaraq, məsələ öz həllini tapmır. Çünki qarşı tərəf - Ermənistan tərəfi məsələni uzatmaq istəyir. Status-kvo vəziyyətini saxlamaq istəyir və yaranmış vəziyyəti qanuniləşdirmək istəyir. Biz buna heç vaxt imkan verə bilmərik. Öz siyasi və diplomatik səylərimizi istənilən müstəvidə, istənilən formada davam etdirəcəyik. Həm beynəlxalq təşkilatlarda, həm ikitərəfli münasibətlərdə bu məsələ daim gündəlikdədir.

Məsələ ilə məşğul olan həmsədr ölkələrin rəhbərləri ilə də mənim çoxsaylı görüşlərim olubdur. Bu görüşlər əsnasında Azərbaycanın haqlı mövqeyi daim vurğulanıbdır. Yəni, artıq bütün dünya bilir ki, Azərbaycan torpaqları işğal olunub, işğalçı dövlət işğal edilmiş torpaqlardan çıxmaq istəmir və məsələni uzatmaq istəyir. Biz isə buna heç cür imkan verə bilmərik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, biz istəmirik ki, müharibə yenidən başlasın. Ancaq eyni zamanda, özümüzü gücləndiririk, ölkəmizin hərbi-iqtisadi potensialını gücləndiririk və hər an torpaqlarımızı istənilən yolla düşməndən azad etmək üçün hazır olmalıyıq. Bunu etmək üçün bir daha demək istəyirəm ki, Azərbaycan güclü olmalıdır. Bugünkü dünyanın müxtəlif yerlərində baş vermiş hadisələr onu göstərir ki, güc amili həlledici rol oynayır.

Beynəlxalq hüquq normaları əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Azərbaycan müstəqil, suveren ölkə kimi istəyir ki, bütün məsələlər qanun çərçivəsində, dünyada qəbul edilmiş normalar əsasında həll olunsun. Əgər bu beynəlxalq qanun normaları pozulursa, onda demək olar ki, dünya birliyinin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini tənzimləyən mexanizmlər işləmir. Əgər dünyanın ən böyük, ən mötəbər təşkilatı - BMT-nin Təhlükəsizlik Şurasının, bu da BMT-nin ən vacib orqanıdır,- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsi icra edilmirsə, onda hansı beynəlxalq hüquq normalarından danışmaq olar.

BMT-nin Təhlükəsizlik Şurasının dünyanın aparıcı ölkələri olan 5 daimi üzvü vardır. Onlardan üçü Minsk qrupunun həmsədrləridir. Təhlükəsizlik Şurasının qətnamələri, eyni zamanda, əlbəttə ki, bütün BMT üçün əsas olmalıdır. Ancaq bu qətnamələrin qəbul edilməsində daimi üzvlər aparıcı rol oynayır. Daimi üzvlər istənilən qərara veto qoya bilərlər, yəni bu qərar onların qərarıdır. Nə üçün təxminən 20 il keçəndən sonra bu qərarlar icra olunmur?! Nə üçün işğalçı dövlətə ciddi xəbərdarlıq edilmir?! Nə üçün onlar təcrid olunmur?! Axı, onlar bütün beynəlxalq normaları pozublar, müharibə cinayətləri törədiblər. Xocalı soyqırımını törədiblər. Yüzlərlə günahsız Azərbaycan vətəndaşı həlak olub, vəhşicəsinə öldürülüb. Amma buna heç kim məsuliyyət daşımır. Müharibə cinayətkarları dünyanı sərbəst gəzirlər, onlar üçün şərait yaradılır. Onlar müxtəlif paytaxtlarda qəbul edilir. Onlar müharibə cinayətkarlarıdır. Biz görürük ki, bəzi başqa yerlərdə müharibə zamanı törədilmiş cinayətlərə görə quldurlar, cinayətkarlar beynəlxalq məhkəmələrə cəlb olunur, onlar ədalət qarşısında cavab verirlər.

Amma, erməni quldurlarının sanki bir immuniteti vardır. Bu, ədalətsizlikdir, bu, ikili standartlardır. Bu vəziyyət dözülməzdir.

Biz bilirik ki, dünyada erməni lobbisinin imkanları, o cümlədən maliyyə imkanları vardır. Onlar müxtəlif ölkələrdə bəzi riyakar və rüşvətxor siyasətçiləri də ələ alıblar. Onlara pul verməklə, müxtəlif imtiyazlar yaratmaqla və o insanlardan istifadə edib öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Biz isə istəyirik ki, məsələ ədalətli, beynəlxalq hüquq əsasında həll olunsun. Bizim heç bir başqa ölkəyə ərazi iddiamız yoxdur. Halbuki bugünkü Ermənistan əzəli Azərbaycan torpağında yaradılmışdır. Buna baxmayaraq, bizim heç kimə qarşı ərazi iddiamız yoxdur. Biz istəyirik ki, bizim torpaqlarımız, qanuni torpaqlarımız, əzəli torpaqlarımız beynəlxalq birlik tərəfindən Azərbaycan torpaqları kimi tanınan torpaqlarımız, qayıtsın. Bizim vətəndaşlarımız, siz oraya qayıdasınız. Öz doğma torpağınıza qayıdasınız. Bizim istəyimiz budur.

Bir tərəfdən bizə deyilir ki, məsələ sülh yolu ilə həll olunsun. Biz də bunun tərəfdarıyıq. Amma heç kim unutmamalıdır ki, ermənilər o torpaqları sülh yolu ilə zəbt etməyiblər. Bizim torpaqlarımız müharibə yolu ilə, başqa ölkələrin dəstəyi ilə işğal olunubdur. Baxmayaraq ki, o hadisələrdən artıq 20 ilə yaxın vaxt keçir, bunu heç kim unutmamalıdır. Azərbaycan vətəndaşları, gənclər, gənc nəsil bunu daim yadda saxlamalıdır. Yəni, ermənilər bunu zor gücü ilə ediblərsə, bizə nə üçün daim tövsiyə edilir ki, sülh yolu ilə həll olunsun. Mən bir daha demək istəyirəm ki, heç kim müharibə istəmir. Kim istəyər ki, indi müharibə olsun. Ancaq biz bu dözülməz vəziyyətlə nə qədər barışmalıyıq?! Nə qədər dünya ictimaiyyəti və bu məsələ ilə məşğul olan tərəflər belə təmkinli mövqedə olacaqlar?!

Biz yaranmış bu vəziyyətlə barışa bilmərik. Status-kvo bizi qane etmir. Status-kvo dəyişməlidir və ədalətli dəyişməlidir. Erməni işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Ondan sonra sülh və əməkdaşlıq yarana bilər. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir. Bu məsələ Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır və tapacaqdır. Sadəcə olaraq, biz istəyirik ki, bu, tezliklə olsun və ermənilər öz xoşu ilə işğal edilmiş torpaqlardan çıxsın. Bunu etmək üçün bir daha demək istəyirəm ki, biz güclü olmalıyıq. Dünyada gedən proseslər onu göstərir ki, kim güclüdürsə, o da haqlıdır. Əfsuslar olsun ki, belədir. Amma bu, həqiqətdir və biz bu real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Hamı istəyər ki, qanunlar, beynəlxalq hüquq normaları işləsin, ədalət olsun. Ancaq biz bunu görmürük. Biz bu münaqişənin timsalında görürük ki, ədalətsizlik 20 ilə yaxındır davam edir və nə qədər də davam edəcək. Ona görə güclü olmaq üçün biz bütün imkanlarımızı səfərbər etməliyik. İqtisadi inkişafımızı daha da gücləndirməliyik. Baxmayaraq ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. 2009-cu ilin yekunlarına görə dünya miqyasında bütün ölkələr arasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Biz iqtisadi imkanlarımızı daha da gücləndirməliyik. Görülən bütün işlər bu məqsədi güdür.

Hərbi quruculuq, ordu quruculuğu daha da sürətlə getməlidir. Çox işlər görülüb, amma hələ də çox işlər görülməlidir. Bu məqsədlə bizim bütün proqramlarımız icra edilir. O cümlədən regional inkişaf proqramı və bütün regionlarda gedən quruculuq işləri əlbəttə ki, ölkəmizi gücləndirir. Bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir. Mən şübhə etmirəm ki, Azərbaycan uğurlu inkişafını 2010-cu ildə də davam etdirəcəkdir. Qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkə qarşısında duran iqtisadi və sosial problemlər öz həllini tezliklə tapacaqdır.

Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında da çox əyani şəkildə görürük. Qəbələ sözün əsl mənasında sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Hər dəfə Qəbələdə olanda, yenilikləri görəndə çox sevinirəm. Şəhər abadlaşır, müxtəlif tədbirlər görülür. Bu gün, misal üçün, artıq bir neçə tədbirdə iştirak etmişəm. Qəbələdə ən yüksək standartlara cavab verən piano fabriki istifadəyə verilibdir. Bu, çox böyük bir hadisədir və onu göstərir ki, Azərbaycanın inkişafına xarici və yerli investorlarda böyük inam vardır. Bu gün avtovağzalın açılışında iştirak etdim. Ondan sonra kənd təsərrüfatı ilə bağlı yeni yaradılmış müəssisələrlə tanış oldum. Qəbələnin, bildiyiniz kimi, çox böyük turizm potensialı vardır. Artıq bu potensialdan çox səmərəli şəkildə istifadə olunur. Mən hər dəfə Qəbələdə olarkən bu məsələni xüsusilə vurğulayıram ki, gözəl təbiəti, zəngin tarixi və təbii imkanları Qəbələnin beynəlxalq turizm mərkəzinə çevrilməsində çox mühüm rol oynamalıdır və bu gün bunu görürük. Qəbələdə beşulduzlu otellər, otel kompleksləri, sağlamlıq mərkəzləri, uşaq parkları yaradılır. Yəni turizm infrastrukturunun inkişafı üçün çox böyük işlər görülür və Qəbələ dünya miqyasında turizm mərkəzlərindən birinə çevrilməlidir. Bunu etmək üçün bir daha demək istəyirəm ki, həm təbii şərait, həm də ki, artıq infrastruktur vardır. Bakı-Qəbələ yolu - artıq onun bir hissəsi tikilib. Bakı-Şamaxı yolu artıq bütün dünya standartlarına cavab verir. Ondan sonra Şamaxı-İsmayıllı, İsmayıllı-Qəbələ, Qəbələ-Balakən yolu da tikiləcəkdir. Beləliklə, turizmin inkişafı üçün vacib olan yol infrastrukturu tamamilə yeniləşəcəkdir. Qəbələnin içməli su, kanalizasiya problemləri öz həllini tapmaqdadır. Artıq böyük layihə də icra olunmağa başlamışdır və Qəbələnin bütün içməli su, kanalizasiya problemi iki il ərzində həllini tapmalıdır. Elektrik enerjisi ilə təchizat yaxşılaşdırılacaqdır. Bu gün yeni yarımstansiyanın açılışında iştirak edəcəyəm. Qazlaşdırma prosesi sürətlə gedir, sosial obyektlər - uşaq bağçaları, məktəblər tikilir. Yəni rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Bunun nəticəsidir ki, son altı il ərzində Qəbələnin iqtisadiyyatı təxminən 4 dəfə artıb. Böyük bir nailiyyətdir və göstəricidir. Ən önəmlisi ondan ibarətdir ki, bu, təkcə statistik rəqəmlərlə ölçülmür, eyni zamanda, burada gedən abadlıq-quruculuq işlərini hər bir vətəndaş öz gözü ilə görə bilər.

Mən görülən bütün bu işlərlə bağlı müsbət rəyimi bildirmək istəyirəm. Qəbələlilərə yeni uğurlar arzulamaq istəyirəm və bilin ki, Qəbələni müasir, gözəl turizm mərkəzinə çevirmək üçün əlavə tədbirlər də hazırlanır və o da tezliklə reallaşacaqdır.

Sizi isə, əziz soydaşlarım, bu evlərin istifadəyə verilməsi münasibətilə bir daha təbrik edirəm. Burada yeni bir ev də tikiləcək, məktəb də artıq tikilməkdədir. Yəni, müvəqqəti olsa da, burada yaşamaq üçün bütün şərait vardır. Mən əminəm ki, gün gələcək və biz yeni gözəl evlərin tikintisini işğaldan azad ediləcək torpaqlarda qeyd edəcəyik.

 Yeni mənzil alanlar adından çıxış edən Şuşa rayonundan məcburi köçkün Əhəd HƏSƏNOV dedi:

- Cənab Prezident, Qəbələ rayonunda məskunlaşmış 598 məcburi köçkün ailəsi adından Sizi salamlayırıq. Vaxtınızı ayırıb biz köçkünlərlə bu gün görüş keçirdiyinizə görə Sizə böyük minnətdarlığımızı bildiririk.

Mən tarixi heç vaxt yaddaşımdan silinməyən ulu öndərimizin belə bir müdrik kəlamını bu gün xatırlatmaq istəyirəm. Hələ vaxtilə, 1993-cü ildə ulu öndərimiz demişdi: “Vaxt gələcək Azərbaycan bütün dünyaya günəş kimi doğacaqdır”. Bəli, ulu öndərimiz tərəfindən deyilən deyim artıq bu gün reallıqdır. Günəşli Azərbaycanımız dünyanın bütün ölkələrinə nur saçır. Dünyanın qabaqcıl ölkələri bu gün Azərbaycan dövləti, onun Prezidenti ilə hesablaşır. Sizin dediyiniz kimi, Azərbaycan elə inkişaf etməlidir ki, gələcəkdə dünyanın zəngin və qüdrətli dövlətinə çevrilsin. Bu gün inamla, fəxrlə deyə bilərik ki, bəli, cənab Prezident, məhz, Sizin gərgin əməyinizin, fəaliyyətinizin nəticəsində müstəqil Azərbaycanımız beynəlxalq aləmdə qüdrətli bir dövlətə çevrilmişdir. Azərbaycan xalqı tam inamla əmindir ki, onun gələcəyi, onun dövlətçilik taleyi etibarlı əllərdədir.

Biz 18 ilə yaxındır ki, bu gözəl diyarda, Qəbələdə məskunlaşmışıq. O gündən bu günə, - icazənizlə bir məqamdır, mən bütün mehriban qəbələlilərə çatdırmaq istəyirəm, bugünkü məqamdan istifadə edib deyirəm, - həmişə çətin günümüzdə bizə dayaq olublar. Odur ki, bütün zəhmət adamlarına, qəbələlilərə məcburi köçkünlər adından minnətdarlığımızı bildiririk.

Qaldı ki, bu gözəl, yaraşıqlı, müasir tələblərə cavab verən binaya, onu bu gün 152 ailəyə bağışlayırsınız. Bunun özü, - sözlə ifadə etmək çətindir, - biz köçkünlərə dövlətimizin böyük qayğısının təzahürüdür. Ancaq biz belə rahat otaqlarda yaşamaqla, çox gözəl açıqladınız, cənab Prezidentimiz, əmin olun ki, heç də bununla kifayətlənmək arzusunda deyilik. Bütün məcburi köçkünlərin yeganə arzusu işğal altında olan torpaqlarımıza qayıtmaqdır. Biz gecəli-gündüzlü qəlbimizi yaralayan, bizi rahat buraxmayan ana torpağımıza qayıdacağıq. Biz buna varlığımız kimi əminik. Ona görə ki, belə müdrik, ulu öndərimizin sadiq siyasi davamçısı olan cənab Prezidentimiz İlham Əliyev kimi liderimiz, şəxsiyyətimiz vardır.

Bir daha xatırlatmaq istəyirəm ki, doğrudan da Ulu Tanrımız bizim Azərbaycana böyük bir xoşbəxtlik də qismət edibdir. Cənab Prezident Siz, həm də Azərbaycanımızın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım kimi bir şəxsiyyətlə düşmənlərimizə qarşı birgə mübarizə aparırsınız. Mehriban xanımı da ürəkdən alqışlayırıq. Təkcə Sizin ikinizlə yekunlaşmır. Hamıya məlumdur ki, Sizin gənc övladınız Leyla xanım Əliyeva, - bu günlərdə mətbuatda, televiziyada biz gördük, buna fərəhlənirik, buna qəlbimiz coşur, - Xocalı fəryadını bütün dünyaya yaydı. Bax, görülən işlərin hamısı son nəticədə bunlarla ölçülməlidir.

Mən əminəm ki, doğma yurdumuz, - Kəlbəcərimiz, Şuşamız, Ağdamımız, bütün işğal altında olan rayonlarımız azad olunacaqdır. Biz çal-çağır dövrlərimizi o diyarda yaşadacağıq. Mənim ən böyük arzum budur ki, tarixi abidələr şəhəri olan, gözəl təbiətinə görə seçilən Kəlbəcərimiz, Qarabağın zümrüd tacı olan doğma Şuşamız işğaldan azad edilsin, üçrəngli bayrağımız Şuşada dalğalansın. Cənab Prezident, arzumuz budur ki, o torpaqlarda yeni binaların, abidələrin açılışında şəxsən Sizinlə və Sizin bütün ailə üzvlərinizlə, respublikamızın qabaqcıl ziyalıları ilə birlikdə iştirak edək. Ulu Tanrı Sizi qorusun. Allahdan arzum budur.

Sözümü yekunlaşdırmaq istəyirəm. Amma qəlbim doludur, çünki hörmətli Prezidentimizin qarşısında çıxış etmək mənim üçün, bütün məcburi köçkünlər, bütün vətəndaşlar üçün şərəfdir. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil Azərbaycan Respublikamızın qüdrətli dövlətə çevrilməsi işində, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda mübarizədə ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli və cəsarətli davamçısı cənab Prezident İlham Əliyevə öz əməli fəaliyyətimizlə dayaq olmalıyıq. Respublikamızda bu gün reallıq, durum bax belədir. Dövlətimiz, Prezidentimiz xalqa, xalqımız isə dövlətimizə, Prezidentimizə arxa və dayaqdır. Ulu Tanrı həmişə Sizə yar olsun.

Qəbələ sakini Şirin ŞİRİNOV dövlətimizin başçısına müraciətlə dedi:

-Cənab Prezident, icazə verin mən də qəbələlilər adından Sizi Azərbaycanın bu gözəl diyarında salamlayım və Sizə “Xoş gəlmisiniz!” deyim. Sizin Qəbələyə hər gəlişiniz bizim üçün böyük bayram olur, Qəbələnin inkişafında yeni mərhələ açılır. Bizim gözəl Qəbələmiz gündən-günə inkişaf edir. 2008-ci ildəki gəlişinizdən keçən bu az dövrdə Qəbələ tanınmaz dərəcədə inkişaf edib. İndi burada istifadəyə verilən obyektlərin sayı da durmadan artır. Bütün bunların hamısı Sizin bizə göstərdiyiniz böyük diqqət və qayğının nəticəsidir. Mən qeyd etmək istəyirəm ki, Sizin apardığınız düzgün siyasət nəticəsində bu gün Azərbaycanımız regionda həyata keçirilən ən irimiqyaslı layihələrin əsas təşkilatçısı və iştirakçısıdır. O cümlədən respublikamızın rayonları da, bölgələri də durmadan inkişaf edir. Qeyd etdiyiniz kimi, Qəbələ də inkişaf edən bu bölgələrin içərisində öndə gedən rayonlardan biridir.

Ulu öndərimiz Qəbələnin ecazkar gözəlliyinə çox böyük diqqət verirdi. Onu dünyanın ən yaxşı inkişaf etmiş turizm diyarları ilə, İsveçrə ilə müqayisə edirdi və bizə tövsiyə edirdi ki, bu gözəlliyi qoruyaq, zənginləşdirək, gələcəkdə Qəbələni turizmdə yaxşı inkişaf etmiş istirahət guşələrindən birinə çevirək. Ulu öndərimizin bu tövsiyəsi bu gün Sizin rəhbərliyiniz altında çox böyük müvəffəqiyyətlə həyata keçirilir və biz buna çox sevinirik.

Qəbələ kompleks şəkildə inkişaf edir. Sizin qeyd etdiyiniz kimi, bugünkü Qəbələ yeni zavodlar, fabriklər, istehsal obyektləri, istirahət mərkəzləri, yüz kilometrlərlə abad yolların ümumi bir cəmidir. O cümlədən, bu gün Qəbələdə istehsal olunan məhsulların xeyli hissəsi xarici bazarlarda satılır. İstifadəyə verilən hər bir obyekt yeni iş yerləridir, əhalinin sosial təminatının, onun maddi rifah halının yaxşılaşmasına xidmət edir.

Cənab Prezident, mən qeyd etmək istəyirəm, bu gün çox yaxşı, sevindirici haldır ki, dünyanı bürüyən işsizlik adlı problem Qəbələdə demək olar ki, həll edilmişdir. İndi ətraf bölgələrdən də gəlib Qəbələdə işləyənlər vardır. Mən hətta cəsarətlə Sizə deyə bilərəm ki, bu gün Qəbələdə xarici ölkə vətəndaşları da fəaliyyət göstərirlər. 2008-ci ildə açılışında iştirak etdiyiniz Müalicə-Diaqnostika Mərkəzi bu gün bizim regionun ən yaxşı müalicə ocaqlarından biridir. Baxmayaraq ki, az vaxdır - iki ildir, amma burada yüzlərlə xəstə şəfa tapıbdır. Ən ağır cərrahiyyə əməliyyatları bizim bu müalicə ocağında uğurla həyata keçirilir. Dializ alan onlarla xəstə respublika paytaxtına getmədən, burada müalicə olunur. Bu gün bizim xəstəxanaya bağışladığınız müasir avadanlıqla təchiz olunmuş bu dörd təcili yardım maşını da qəbələlilərin xidmətinə verilir. Bunun üçün, cənab Prezident, mən Sizə qəbələlilər adından dərin minnətdarlığımı bildirirəm. Mən sevinc hissi ilə qeyd etmək istəyirəm ki, şəxsən Sizin bizə göstərdiyiniz böyük diqqət və qayğıya görə Qəbələni bu gün bütün dünya tanıyır. Bu yaxın vaxtlarda Qəbələdə keçirilən beynəlxalq musiqi festivalına dünyanın 16 ölkəsindən tanınmış musiqiçilər gəlmişdilər. Bu tədbir xalqımızın milli mədəniyyətini bütün dünyaya tanıdan çox möhtəşəm bir tədbir idi. Mən bu gün fürsətdən istifadə edib, həmin tədbirin təşkilatçısı, bu tədbir üçün çox böyük zəhmət çəkən, təhsilimizin, milli musiqi mədəniyyətimizin hamisi, respublikamızın birinci xanımı, çox hörmətli Mehriban xanım Əliyevaya da qəbələlilər adından dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, biz Sizi çox sevirik. Sizin hər dəfə Qəbələyə gəlişiniz bizi çox sevindirir. Bu gün Qəbələdə böyükdən-kiçiyə qədər hamı fəxr edir ki, Siz bizim qonağımızsınız. Qəbələyə tez-tez gəlin. Sizin hər gəlişiniz bizim üçün sevinc və xoşbəxtlik gətirir. Biz qəbələlilər həmişə dövlətimiz üçün, onun qayğısına qalan istəkli rəhbərlərimiz üçün çox yaxın olmuşuq. Biz inanırıq ki, bu gün qeyd edildiyi kimi, işğal olunmuş torpaqlarımız da Sizin rəhbərliyiniz altında, apardığınız düzgün xarici siyasət nəticəsində azad olunacaq, ev-eşiyindən didərgin düşmüş bu gözəl, mehriban insanlar da öz ata-baba yurdlarına qayıdacaqlar.

Biz çox sevinirik ki, bütün çətinliklərə cəsarətlə sinə gərən, bu gün tərəqqi və inkişaf yolunda olan, Sizin dediyiniz kimi, dünyanın inkişaf etmiş ölkələri arasında layiqli yerini tutan Azərbaycan adlı müstəqil, gözəl bir dövlətin vətəndaşlarıyıq və fəxr edirik ki, bizim Sizin kimi Prezidentimiz vardır. Cənab Prezident, bir daha Sizi salamlayıram. Qəbələyə xoş gəlmisiniz. Tanrı Sizi qorusun.

X X X

Prezident İlham ƏLİYEV: Bir daha sizi ürəkdən təbrik edirəm və arzu edirəm ki, həmişə gözəl tədbirlərdə görüşək.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək